Deputat: “Dövlət yardımlarını ala bilməyən çoxlu ailələr və həkimlər tanıyırıq”

0
46

“27 milyard manatdan artıq büdcə vəsaitinin hamısı üzərində belə total nəzarəti həyata keçirmək mümkün deyil. Ancaq Rusiya təcrübəsində Palatanın makroiqtisadi göstəricilər sırasında işsizliyin artması və sahələr üzrə pandemiyanın mənfi təsirlərinin qrafikləri dərc olunub. Bu, yaxşı təcrübədir. Eləcə də büdcə öhdəliklərinin təyinatları üzrə yerinə yetirilmədiyinə dair hər bir hökumət və büdcə qurumu üzrə təsnifləşdirmə aparılıb ki, bu da ötən il həmin təşkilatlarda idarəçiliyin vəziyyətini təyin etməyə imkan verir”.

Bunu deputat Zahid Oruc Milli  Məclisin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, biz ilk növbədə, dövlət proqramları arasında bağların icrasına nəzarəti artırmalıyıq:

“Çünki investisiya tutumlu ən böyük sahələrdir, lakin bəzən layihələr bir-birindən asılı olmadan icra edilir və nəticə aşağı olur. Bir çoxlarında cavabdeh orqanlar sonadək müəyyənləşməyib və ona görə də mühüm milli layihələr gerçəkləşə bilmir.

Məsələn, biz hələ də bilmirik, “Strateji yol” xəritəsində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi nəticəsində hər bir hökumət strukturunun yerinə yetirdiyi və ya yetirmədiyi işlər ümumi siyasətdə hansı çəkiyə malikdir? Sənəddə “Satınalmalar haqqında” ciddi pozuntulardan bəhs edilib. Əlbəttə, çox ağrılı sahədir. Real misallar gətirmək olar ki, tender öhdəliklərini yerinə yetirməyən yüzlərlə təşkilat var və bu zaman uzun illər biznes strukturları hansı qanun pozuntuları altında işləməyə məcbur olduqları məsələsi ortaya çıxır və biznes əxlaqının bundan nə qədər ziyan çəkdiyi göz önünə gəlir. Ona görə də ilk növbədə, bütün sahələrlə bağlı hüquqi normativ bazanın hazırlanması prosesi sürətlənməlidir.

Antiböhran tədbirlərinin qiymətləndirməsindən bəhs olunması yerinə düşərdi. Tədbirlər vaxtında və adekvat idi, lakin son sətrinə qədər yerinə yetirildimi? Halbuki nə qədər ailələr ziyan çəkdi. Eləcə də dövlətin müəyyənləşdirdiyi yardımları ala bilməyən çoxlu ailələr, həkimlər tanıyırıq. Dəfələrlə o haqda məlumatlar informasiya vasitələrində yayılıb”.