26 mindən çox şagird buraxılış imtahanı verəcək

0
62

Aprelin 15-də və 16-da Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 25 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, imtahanlar saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Aprelin 15-də keçiriləcək imtahanlarda 8124, aprelin 16-da keçiriləcək imtahanlarda isə 18 367 nəfər olmaqla, ümumilikdə 26491 şagirdin iştirakı nəzərdə tutulur.