Xərçəng xəstələrinin sayı niyə sürətlə artır? – Fransada çalışan addiktoloq ŞOK FAKTLARI AÇDI

0
58
Xərçəng xəstələrinin sayı niyə sürətlə artır? - Fransada çalışan addiktoloq ŞOK FAKTLARI AÇDI

Aylarla, illərlə alkoqol qəbul edən insanı birdən-birə içkidən tam uzaqlaşdırmaq olmaz. Çünki bu, ən yaxşı halda epilepsiya ilə, ən pis halda isə ölümlə nəticələnə bilər.

Bu sözləri müsahibəsində Fransada yaşayıb çalışan psixiatr, addiktoloq Şahsuvar Mirzəyev bildirib.

– Doktor, zərərli vərdişlərimizin kökü hər zaman psixoloji yükümüzdür?

– Ümumiyyətlə, hər şey bəzən bəsit vərdişdən, bəzən isə kökündə psixi problemlər duran məqamlardan başlayır. İnsan günbəgün artan templə siqaret çəkir, alkoqol, narkotik maddələr qəbul edir ki, psixoloji gərginliyini aradan qaldırıb, sakitləşsin. Bu vasitələrdən bir müddət istifadə edəndən sonra eyni ağırlıq yenidən geri qayıdır.

– Pasiyentlərinizin yaş həddini bilmək istərdim.

– Nadir hallarda olsa da, 15-16 yaşlı yeniyetmələr gəlir. Universitetdə təhsil aldığım müddətdə klinikalarda staj keçirdim. Bəzən 10 yaşlı uşaqlarda da siqaret, içki, marixuana aludəçiliyinə rast gəlirdim. Əsas səbəbi isə hazırda Avropada sadaladıqlarımın satışının adi hal almasıdır. Bu zərərli vərdişlərə alışdıqca, risk faizi daha da artır. Lakin bir neçə dəfə spirtli içki içməklə siz vərdişkar olmursunuz. Burada həmçinin cəmiyyətin də rolu böyükdür. Məsələn, bizim toplumun bəzi dairələrində kişiliyin gücü içdiyi arağın litri ilə ölçülür. Yaxud valideynlərin mütəmadi alkoqol qəbul etməyi uşaqda şüuraltı rahatlıq yaradır ki, mən də bu yolla gedəcəm. Hər il bu zərərli vərdişlərin fəsadları Fransa dövlətinə 210 milyard avro məbləğində ziyan vurur. Biz hələ mənəvi fəsadlardan danışmırıq. Bir məsələ də var ki, Fransa şərabı UNESCO-nun tanıdığı maddi dəyərdir. Amma hesablasaq, bu, içkinin dövlətə gətirdiyi fəsadları ilə müqayisədə azdır. Bilirsinizmi ki, siqaretin, spirtli içkinin orqanizmə zərəri marixuanadan çoxdur. Çünki fiziki və psixoloji asılılıq daha dərindir. Həmçinin xərçəngə yol açır.

Fransadakı müşahidələrimi bölüşə bilərəm ki, kolleclərdə, liseylərdə uşaqlar 11-12 yaşından etibarət siqaret çəkməyə başlayırlar. Təəssüf ki, marixuana, siqaret satışı adi hal alıb. Məsələn, gecə saatlarında çörək almaq üçün açıq mağaza tapa bilməzsiniz. Lakin tabak, kannabis satışı ilə məşğul olan köşklər sutka boyu fəaliyyət göstərir.

– Belə bir hipoteza var ki, narkotik, içki aludəçiliyi olanlar mütləq bomj, həyatda öz yolunu azmış adamlardır. Bu məsələyə aydınlıq gətirək, lütfən.

– Tam yanlış düşüncədir. Məsələn, bizim klinikamızda müalicə alan pasiyentlər arasında müxtəlif sosial təbəqədən olan insanlar var. Vəkillər, yüksək gəliri olan iş adamları, hətta həkimləri də müalicə edirəm. Yəni bu vərdişlər o qədər sadə forma alıb ki, cəmiyyətin hər bir təbəqəsi təslim ola bilir. Qiymətin münasib olmağı, iş rejiminin gərginliyi, ailə, sevgi münasibətlərində problemlər, hətta dostlarla birgə içki masası ətrafında müxtəlif maddələr qəbul etmək olduqca adiləşib. Yenə deyirəm, bir neçə dəfə qəbul etdiyiniz narkotik maddələr, spirtli içkilər sizdə alışqanlıq yaratmır. Çalışacağam prosesi sadə dillə izah edim. Hər birimizin mərkəzi beyin sistemimizdə idarə funksiyası var. Tutaq ki, yemək yeyirsiniz. Doyduğunuz məqamda beyinə “stop” siqnalı gəlir. Orqanizmimiz reaksiya verir, adaptasiya prosesi başlayır. Məsələn, marixuananı, yaxud adicə siqareti çəkirsiniz. Bir müddət beyin dumanlanır, bu çaşqınlıqla davamlı mübarizə aparandan sonra yad maddəyə adaptə olmaq istəyir ki, gərginliyi aradan qaldırıb, öz funksiyasını bərpa etsin. Gün ərzində davamlı və yüksək miqdarda şəkər qəbul edirsinizsə, pankreatit vəz insulin ifraz edə bilmir, öz funksiyasını dayandırır. Beynimizin idarə sistemi öz funksiyasını dayandırarsa, onu bərpa etmək mümkün deyil. Heç bir müalicə köməyinizə çatmır.

– Narkomaniyadan, alkoqolizmdən əziyyət çəkənlərin tam müalicəsi şəxsən mənə inandırıcı gəlmir.

– Təsəvvür edin, alkoqolizmdən, yaxud narkomaniyadan əziyyət çəkirsiniz və müalicə alıb sağalırsınız. Cəmi bircə dəfə alkoqol içib, narkotik qəbul etsəniz, illərinizi sərf etdiyiniz müalicənin effekti yenidən sıfıra enir. Çünki beyinin idarə sistemi öz funksiyasını dayandırıb və bir daha bərpa etməyəcək.

– Bəs müalicə mərhələləri hansılardır?

– Avropada siqaretdən, spirtli içkilərdən, narkomaniyadan müalicə olunmaq üçün dərman preaparatları var. Yəni ilkin mərhələdə pasiyent 1 həftə zərərli vərdişindən uzaqlaşmalıdır. Beyin yeni mühitə adaptasiya olmalıdır. Aylarla, illərlə alkoqol qəbul edən insanı birdən-birə içkidən tam uzaqlaşdırmaq olmaz. Çünki bu, ən yaxşı halda epilepsiya ilə, ən pis halda isə ölümlə nəticələnə bilər. Müəyyən dərmanlar var ki, epilepsiya hallarının qarşısını onunla alırıq. Lakin azərbaycanlı həmkarlarıma təklif edirəm ki, həmin preparatlar yoxdursa, xəstənin gün ərzində 2-3 litr su içməsini təmin edin. İkinci fazada isə dərmanlar müxtəlif detokslarla əvəzlənməlidir. İstənilən halda xəstənin öz iradəsi vacibdir. Lakin artıq alışqanlıq yaranıbsa, beynin kontrol sistemi itibsə, burada heç bir əzmdən, iradədən söz gedə bilməz. Kimisə müalicəyə məcbur edə bilməzsiniz. İnanın ki, hətta izoləedici kameralar da işə yaramayacaq. Çünki narkologiya, alkoqolizm artıq bağlılıq yaratmış xəstəlikdir. Krevin terminologiyası sırf bu problemə verilən addır. Yəni hansısa bir əşyaya psixoloji və fizioloji cəhətdən bağlanırsınız və bu istəyi başqa heç nə ilə əvəzləyə bilmirsiniz. Bu asılılıq gün ərzində 1 dəfə də, 10 dəfə də təkrarlana bilər. Burada görüşdüyünüz insanlardan tutmuş iş mühitinədək bütün detalların təsiri var. Lakin vacib bir məqam odur ki, krevin halı 20-30 dəqiqədən artıq davam etmir.

– Yəni bir növ panik atak prinsipinə sadiq qalmalıyıq.

– Bəli. Tutaq ki, alkoqoldan artıq müalicə olunan insan mağazaya daxil olanda gördüyü müxtəlif çeşidli içkilərə qarşı istək yaranır. Yaxud heroin, marixuana tüstüsü də eyni şəkildə təsir gücünə malikdir. Bir növ Pavlov testini xatırlayın. Yəni demək istəyirəm ki, bu istək hər an baş qaldıra bilər. Sizdən tələb olunan içkiyə təhrik edən məkanlardan, insanlardan uzaq durmaqdır. Xüsusən də bu vərdişlərdən uzaqlaşmısınızsa, krevin halları daha çox baş verəcək. Əsas işimiz də bu halla mübarizədir. Bir məqam da var ki, zərərli vərdişləri yaranan insanın iştahı da sönür. Yediklərinizdən zövq ala bilmirsiniz. Çünki marixuananın, heroinin, içkinin verdiyi ləzzət itəndən sonra bir anda cəhənnəmə düşürsünüz və o həzzi heç nədə tapmırsınız. Tədricən isə bu maddələri həzz üçün deyil, cəhənnəmdən qurtulmaqdan ötrü qəbul etməyə başlayırsınız. Pasiyentlərimizi müalicə etdiyimiz dərmanlar isə 24, 48 bəzən isə 72 saat cüzi həzz yaşadır ki, müalicənin faydasını görə bilək. Avropada, Fransada bu dəhşətli alışqanlıqdan əziyyət çəkənlər çoxdur. Krizis müddəti adətən 7-10 gündür. İkinci mərhələdəki detoksların qəbulu isə xəstənin könüllü istəyi ilə gerçəkləşir.

– Doktor “gamemania” (oyun asılılığı) da ən az bu vərdişlər qədər təhlükəlidir. Düşünürəm ki, uşaqlarımızın gələcəyi naminə də həyəcan təbili çalmağın vaxtıdır.

– Doğrudur. Addiktoloji asılıq deyəndə tək siqaret, alkoqol, narkotik maddələrə meyil nəzərdə tutulmur. Uşaqlarınızın əlindən düşməyən telefonlardakı mənasız oyunlar, qumar kimi aslılıqlar da bu siyahıya aiddir. Ailəsini, övladını qumara satan insanlar da az deyil. Bu o demək deyil ki, həmin şəxs ailəsindən, övladından bezib. Sadəcə kontrol sistemi artıq funksionallığını itirib. Özünü idarə edə bilmir. Bir sözlə, xəstədir. Həm özünün, həm də doğmalarının həyatını təhlükəyə atır. Beynin kontrol sisteminin çalışıb-çalışmadığını isə müxtəlif təcrübə və imtahanlarla müəyyən edirik. Əksər xəstələr problemin olduğunu anlayırlar, lakin özləri ilə mübarizə apara bilmirlər. Məsələn, elə bu günlərdə qəbuluma pasiyent gəlmişdi. Orta yaşlı insandır, stabil işi var. Ailəlidir. Hər gün işdən evə dönüb, 2 şüşə pivə içdiyini deyir. Kənardan adi hal kimi görünə bilər, lakin artıq rituala çevrilib. Həmin şüşəni onun əlindən alsanız, çox aqressivləşə bilər. Həyat yoldaşının təkidi ilə qəbuluma gələn bu şəxs əslində nə baş verdiyini özü dərk etmir. Lakin anlamaq istəmir ki, artıq idarə sistemi sıradan çıxıb. Təbii ki, 5 şüşə ilə müqayisədə 2 şüşə azdır. Amma istənilən halda təhlükəlidir. Bizim mədəniyyətimizdə də belə bir məqam var. “Allah günahımızdan keçsin, iç” deyirlər. Sanki Allahdan icazə alırlar. Yəqin xatırlayırsınız, 30 il öncə xərçəng xəstələrinin sayı olduqca az idi. Amma bu gün xərçəngdən vəfat edənlər kəskin şəkildə artıb. Yaşayış formamız dəyişib, oturaq həyata keçid etmişik. Bilin ki, insan orqanizmi üçün ən böyük təhlükə həm də artıq çəkidir. Bakı neftinin qoxusu, ekologiya, kimyəvi maddələrdən ibarət qida vasitələri də bədənimizi zəhərləyir. Yəni dünyamızda xəstəliklərin, bəlaların sayı durmadan artır. Üstəlik, özünüzü bu qaranlığa sürükləməyin. Yəni düşünməyin ki, marixuana ağır narkotik vasitələrlə müqayisədə sadə bitkidir. Lakin marixuana belə paranoyya və halusinasiyaya səbəb olur. Hər kəsin orqanizmi individualdır. Bu təsir şiddətli və orta ola bilər. Əmin olun ki, müalicəsi də, bu alışqanlıqdan qurtulmaq da olduqca çətindir. Həmin insanların mərkəzi sinir, yaddaş sistemi zibil qabını xatırladır. Bunu tibbi aparatlarla müayinə də sübut edir. Odur ki, möcüzəyə güvənmək lazım deyil. Sadəcə çətin əmək və davamlı müalicə, ən əsası şəxsi həyatda stabillik vacibdir.