Baş həkimdən SİNOVAC çağırışı: Qorxmayın, gəlin!

0
323

“Xüsusi risk qrupunda olan insanlara çağırışım odur ki, heç bir şeydən qorxmasınlar. Gəlib vaksinsasiyadan keçsinlər. SİNOVAC dünyada tanınmış bir vaksindir. Heç bir təhlükəsi yoxdur. Biz 500 nəfərə bu vaksini vurmuşuq. Heç birində problem yaranmayıb”.

Bunu  açıqlamasında 26 nömrəli birləşmiş Şəhər Xəstəxanasının Baş həkimi Tərlan Bəbirov deyib.

Xüsusi risk qrupunda olan insanları vaksin vurdurmağa çağıran baş həkimin sözlərinə görə, SİNOVAC-ın tərkibi də yağ və zülaldan ibarətdir: “Hətta vurulandan sonra yerində qızartı olsa belə, bundan qorxmaq lazım deyil. Çünki orqanizmin vaksinə cavab mexanizmidir. Bu da normaldır. Yaxşı immunitet varsa, buna cavab reaksiyası olmalıdır. Heç nədən qorxmaq lazım deyil. İnsanlar nə qədər çox vaksinasiyadan keçsələr, heç olmasa, qarşıdan gələn pandemiyanın qarşısını ala bilərik. Ən azından insanlar xəstəlikləri yüngül keçirərlər. Yoluxma sayının az olmasına nail ola bilərik.

Tərlan Bəbirov söyləyib ki, hazırda peyvəndlər xüsusi risk qrupunda olan insanlara vurulur: “Birinci turda həkimlər vaksinasiyadan keçdilər. İndi də 65 yaşından yuxarı olan insanlar vaksinasiyaya cəlb edilir. Doğrudur, insanların vaksinasiyadan keçməyə gəlməsi ilə bağlı bir az çətinliklər var. Bizim xətəxanamız bir qədər kənd ərazisindədir. Onların gediş-gəlişində müəyyən çətinliklər var. Amma çalışırıq ki, həm icra strukturları, həm də poliklinika tərəfindən müəyyən maarifləndirmə işləri nəticəsində həmin insanları vaksinasiyaya cəlb edə bilək. Onlara çağırışımız odur ki, gəlib peyvəndlərini vurdursunlar. Həmin risk qrupuna daxil olan insanların müəyyən xəstəlikləri olur. Bəzilərinin təzyiqi, şəkəri və müəyyən xəstəlikləri olur. İnsanlar poliklinikaya gəlirlər, biz onları xəstəliklərinə görə çeşidləyirik. Çalışırıq ki, allergik və digər ağır xəstəlikləri olanlardan başqa hamısına vaksin vuraq”.