Əmək Məcəlləsinə dəyişiklik ediləcək – DETALLAR + FOTO

0
140

Fevralın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası açaraq bildirib ki, gündəliyə birinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib. 

Bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Məcəlləyə ümumilikdə 12 dəyişikliyin nəzərdə tutulduğunu qeyd edib.

Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır. Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu,  həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminati məsələlərinə mənfi təsir göstərir. Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir.

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma və əmək münasibətləri prosesində sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədardır. 

Əmək Məcəlləsinin bir çox maddələrində əmək münasibətləri ifadəsinin işlədilməsi vurğulanıb. Bununla bağlı Məcəllədə mövcud olan bir çox əmək norma və qaydalarının tətbiqi şərtləndirilir. İşəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə Məcəlləyə bu münasibətləri şərtləndirən amilləri müəyyən edən yeni 4-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Qeyd edilib ki, məcəllənin 7-ci maddəsinə də müəyyən əlavələr edilir. Əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.

Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.