2021-ci ildə bu geyimlər dəbdə olacaq – Modelyer

0
423

Tamamilə qara rənglərin hakimiyyəti 2021-ci ilin aktual mövzusu olacaq. Bununla yanaşı qırmızı, yaşıl, zümrüd yaşılı, zeytun yaşılı, fuksiya, boz tonlar, yasəmən rənginin açıqdan tündə gedən tonları, pudra tonları, süd rəngi və s. rənglər dəbdə olacaq.

Bunu  2021-ci ilin dəbi ilə bağlı danışan modelyer-dizayner Gülnarə Xəlilova deyib. O bildirib ki, gələn il damalı parçalardan hazırlanmış geyimlər yenə də dəbdə olacaq:

“Mən hər zaman söyləyirəm, hər bir yaradılan kolleksiyanın, üslubun öz rəng çalarları dizaynerlər tərəfindən düşünülür. Çünki bir model bütün rənglərdə uğurlu nəticə vermir.

Ümumiyyətlə, bu il dəridən, trikotajdan, parıltılı lateks parçalardan hazırlanmış geyimlər, məxmərlərdən hazırlanmış dəstlər aktual olacaq. Ciddi geyim, rahat geyim üslubları yenə də aktualdır. Quramanı xatırladan “Patçvork” üslubu artıq neçə ildir dəbdədir.

Kokteyl və gündəlik geyim tərzinin bir arada təqdimatı, ziyafət geyimləri, krujevadan hazırlanmış geyimlər də bu il təqdim olunub. Daha çox isə gündəlik həyatımızda üstünlük verdiyimiz idman üslublu geyim nümunələri öz yerini qoruyub saxlayır.

Dublyonkalar, sviterlər, pencək və şalvar dəstləri, papaqlar, şərflər bu mövsüm çox aktual olacaq. Maskaları unutmuruq, artıq onlar bizim ayrılmaz aksesuarımızdır. Bu ilin ən populyar mövzusu üst geyimi sayılan “şaketlər” olacaq. Bu geyim növü köynəklə jaketin hibridindən yaranıb, nəticədə çox rahat və darıxdırıcı olmayan gündəlik geyim nümunəsi kimi istifadə olunacaq. O, daha çox rəngli və damalı isti parçalardan hazırlanır”.