Paşayeva Heydər Əliyevin şəxsi rejissoru ilə görüşdü

0
296

12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb.

Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib.

Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib.

Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur.

Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib.

Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir.

Vasif Babayevin çəkdiyi sonuncu film “Yüksəliş” olub (2015).