İlham Əliyev: “Hazırda Azərbaycan ilə Yunanıstan arasında faktiki olaraq aktiv təmaslar yoxdur”

0
538

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyevin görüşdəki çıxışından bəzi məqamları təqdim edirik.

“Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizdə rəsmi səfərdə olmuşam, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, baş nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız yoxdur. Nümayəndə heyətlərinin mübadiləsi yoxdur”.

“Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”