Bəhram Bağırzadə – 48

0
967

Bu gün aktyor, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadənin ad günüdür.

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda, ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin təhsil ocağını bitirib. İxtisası teatr rejissorudur.

1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunun yarışlarında “Bakılı Oğlanlar” komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion olub, 1995-ci ildə keçirilən yay kubokunu və 2000-ci ildə “XX-ci əsrin çempionu” titulunu qazanıb.

1992-ci ildən karikatura çəkib və “Kirpi” satirik jurnalında çap olunub.
Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalereya” jurnalının naşiridir.

2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında “Humay” milli mükafatına layiq görülüb.