Azərbaycanda vətəndaşın xəbəri olmadan adına torpaq sahəsi rəsmiləşdirilib?

0
398

Azərbaycanda vətəndaşın xəbəri olmadan onun adına torpaq sahəsi rəsmiləşdirilib.

Bu barədə şikayətçi Əliyev Vüsal Yaşar oğlu məlumat verib.

O qeyd edib ki, dövlət qurumlarının səhvini təsadüf nəticəsində öyrənib:

“Elektron hökumət portalında şəxsi kabinetimi nəzərdən keçirdiyim zaman adıma olan əmlakların siyahısında Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində 0.588 hektar torpaq olduğunu gördüm. Amma təbii ki, buna inana bilmədim. Çünki mənim adıçəkilən rayonla heç bir əlaqəm olmadığı üçün orada adıma pay torpağı ola bilməzdi. Məlumatı dəqiqləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdim.

Həmin qurumun mənə verdiyi arayışda adıçəkilən kənddə 0.588 ha təsərrüfat təyinatlı torpağın 1/5 hissəsinin mənim olduğu qeyd edilib. Bundan sonra kiminsə mənim adımdan dələduzluq əməli törətdiyini ehtimal etdiyim üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz ərazi şöbəsinə getdim. Orada mənim adımla əməliyyat edildiyini və həmin torpağın satıldığını qeyd etdilər. Qeyd olunan məlumatlarda mənim ünvanım, təvəllüdüm yazılmışdı. Şöbənin rəisinin də yanında oldum. Mənə dedilər ki, bu yanlışlıq Notariat xidmətinin səhvidir. Ona görə də Tovuz Regional “ASAN Xidmət”in Notariat Xidmətinə müraciət etdim. Orada da bildirdilər ki, alqı-satqı əməliyyatı mənim adımla olub. Bunun texniki yanlışlıq olduğunu qeyd etdilər. Orada da səhvin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətiinin 15 saylı Tovuz ərazi şöbəsində olduğunu dedilər.

Mənə məhkəməyə müraciət etməyimi məsləhət bildilər. İndi mən adıçəkilən qurumların tabe olduqları nazirliklərdən kömək istəyirəm ki, bu məsələ araşdırılsın. Bəlkə də kimsə mənim adımla hansısa dələduzluq əməli törədib. Bir neçə quruma müraciət etmişəm, elə idarələr var ki, ora dövlət rüsumu ödəmişəm. Heç nədən xəbərim olmadığı halda niyə vəkilə müraciət etməliyəm? Niyə dövlət rüsumu ödəyib məhkəməyə müraciət etməliyəm? Xahiş edirəm, bu məsələnin tam və şəffaf araşdırılması təmin olunsun”.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirilib ki, Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun adından alqı-satqı olunması barədə müraciəti araşdırılıb.

Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində mövcud məlumatların dəqiqləşdirilməsi zamanı müəyyən edilib ki, 0.588 ha torpaq sahəsinə dair əməliyyatın aparılması zamanı ad, soyad və ata adının eyniliyi səbəbindən Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini olan Əliyev Vüsal Yaşar oğlunun məlumatlarının əvəzinə Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun məlumatları sistemə daxil edilib. Göstərilənlərlə əlaqədar artıq müvafiq dəqiqləşdirmə aparılıb və məsələ həllini tapıb.