Ölkəmizdə 17 nazir var, ancaq biri də… – Deputatlar

0
458

Azərbaycan Nazirlər Kabinetinin tərkibində 17 nazirlik, 7 komitə, 5 dövlət xidməti və 2 dövlət agentliyi birləşir. Baş nazir və 3 müavini də daxil olmaqla, nazirliklərin heç birinə xanım rəhbərlik etmir. Yalnız 1 komitə (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) istisna olmaqla, komitələr də, dövlət xidməti və dövlət agentliklərində də xanımlar rəhbər deyil.

Maraqlıdır, görəsən, niyə Azərbaycanda qadın nazir yoxdur?

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, ölkədə qadın nazirin olmaması yaxşı hal deyil:

“Çünki bu gün biz gender bərabərliyindən danışırıq və ilk növbədə cəmiyyət bu məsələyə daha həssas yanaşmalıdır. Analoji hal icra başçılarına da şamil edilə bilər: cəmi bir qadın icra başçısı var. Düşünürəm, dövlət müəssisələrində, xüsusilə də ölkənin idarəetmə orqanlarında qadınların sayının artırılması vacibdir. Bu gün nazir ola biləcək qadın kadrlar çoxdur.

Lakin gəlin etiraf edək ki, bu gün cəmiyyətdə qadınların idarəetmədə iştirak etmə nikbinliyi o qədər də yüksək deyil. Bu gün ölkədə qadın nazirlərin olmamasının bir səbəbi də budur. Gender bərabərliyi bütün sahələrdə, eyni zamanda dövlət idarəetmə orqanlarında da təmin edilməlidir”.

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, hökumətin formalaşması, eyni zamanda digər vacib təyinatlar ölkə Prezidentinin səlahiyyətindədir:

“Təyinatlar isə əsasən şəxsin praktiki bacarığı, eyni zamanda peşəkarlığı və s. meyarlar əsasında qərarlaşdırılır. Bütün hallarda mən də düşünürəm ki, hökumət formalaşdırılan zaman qadınların da iştirakı arzuolunan, hətta vacibdir. Dünya təcrübəsində biz bunu görə bilərik. Qərbi Avropada xüsusilə qadınların bu istiqamətdə aktivliyi və peşəkarlığı bariz şəkildə görünür”.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib ki, nazirlərin qadın və ya kişi olmasının heç bir fərqi yoxdur, əsas olan vicdan və ləyaqətlə fəaliyyət göstərməkdir:

“Burada əsas məsələ saf əqidə ilə işləyib, xalqına, millətinə faydalı olmaqdır. Qadınlar bu gün cəmiyyətin bərabərhüquqlu üzvüdür. Düşünürəm, ən azı 3 vəzifədən biri qadınlar üçün nəzərdə tutula bilər. Təəssüf ki, bu gün cəmiyyətimizdəki bəzi stereotiplər, mental dəyərlər qadınların yüksək vəzifələrdə xidmət etməsinə mane olur. Bununla belə, qadınlar da kişilər ilə bərabər səviyyədə çalışa bilər”.

Milli Məclisin deputatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının sözlərinə görə, qadın nazirlərin olması istər cəmiyyətimiz, istərsə də dövlətimiz üçün müsbət bir hal olar:

“Düşünürəm, qadınlar daha diqqətli, daha mərhəmətli olurlar və eyni zamanda insanları dinləməyə daha çox üstünlük verirlər. Bundan əlavə, qadınlar korrupsiyadan daha uzaqdır. Çünki qadınların təbiətində daha çox düzgünlük və mühafizəkarlıq var. Bütün bu və digər keyfiyyətlər gələcəkdə ölkəmizdə qadın nazirlərin olmasını real edir. Düşünürəm, yetişmiş bir qadın kadr olduğu təqdirdə ölkə başçısı bunu lazımınca dəyərləndirəcək”.