Koronaviruslu xəstələrin dərisində beş növ dəyişiklik müəyyən edildi

0
402

İspaniyanın Dermatologiya Akademiyasının alimləri COVID-19-a yoluxanların dərisindəki dəyişikliklərin təsnifatını aparıblar.

Bu barədə “British Journal of Dermatology” jurnalı yazır.

Tədqiqat zamanı elm adamları 375 xəstənin göstəricilərini öyrənib və beş tip dəri səpkisini müəyyən ediblər.

Belə ki, COVID-19-a yoluxanların 19%-nin dərisində yanıq və ya donvurma zamanı yaranan suluqlar şəklində səpkilər olub. Bu tip əsasən cavanlar arasında müşahidə olunub. Səpkilər başlıca olaraq xəstənin əllərində yaranıb.

Respondentlərin 19%-i də qaşınmaya səbəb olan örə şəklində təzahürlərlə qarşılaşıblar.

Uçuğa oxşayan vezikulyar (qovuqlu) səpkilər respondentlərin 9%-da müşahidə olunub. Onlar əsasən bədəndə yaranıblar və qaşınma veriblər.

Araşdırılan koronaviruslu xəstələrin əksəriyyəti ləkəli papulozla üzləşiblər. Belə səpkilər çox vaxt ağır xəstələrin bədənində qeydə alınıb.

Əsasən COVID-19-un ağır formalarına yoluxan yaşlılar olmaqla, xəstələrin 6%-nin bədənində livedo (kapilyarların üzə çıxaraq torvari şəkil yaratması – red.) və nekroz (dəri hüceyrələrinin erkən ölməyi – red.) yaranıb.