“Koronavirus təhlükəsi bitmədiyi üçün vətəndaşlar özünü təcrid etməli, evdə qalmalı, kütləvi tədbirlərə qatılmamalıdır”

0
338

Koronavirus təhlükəsi bitmədiyi üçün vətəndaşlar özünü təcrid etməli, evdə qalmalı, kütləvi tədbirlərə qatılmamalıdır. Məsuliyyətli olmaqla özümüzü və cəmiyyəti qorumalıyıq.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, hətta elə bir vəziyyət yaranıb ki, dünyanın inkişaf etmiş əksər ölkələri belə aciz duruma düşüb:

“Belə bir çətin və ağır məqamda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qabaqlayıcı, fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirilməsi, xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanmaqla yanaşı, hətta bir çox ölkələr üçün nümunəyə çevrilib.

Çünki dövlətimiz hər zaman xalqın yanında olduğunu bir daha konkret faktlarla təsdiqləyir. Qeyd etmək istərdim ki, ölkəmizdə pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bir sözlə, respublikamızda insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülür.

Prezident İlham Əliyevin tapşırıqları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciəti xalqımız tərəfindən yekdilliklə dəstəklənir və bunlara yetərincə əməl olunması üçün müvafiq işlər görülür. Çünki bütün bunlar hər bir vətəndaşın və ümumilikdə cəmiyyətin sağlamlığına istiqamətlənir”.

Deputat vurğulayıb ki, dövlətin qayğısı ilə yanaşı hər birimizin də üzərinə mühüm vəzifələr düşür:

“Belə ki, ölkəmizdə fəaliyyət göstərən Nazirlər Kabineti yanında Operativ Qərargahın və müvafiq dövlət qurumlarının məlumatlarına ciddi yanaşmaqla qaydalara əməl etməliyik. Çünki verilən rəsmi məlumatlarda pandemiyanın ikinci dalğasının istisna olmadığı bildirilir. Bu isə hələ də təhlükənin sovuşmadığını göstərir. Gündəlik yoluxma və sağalma statistikasına nəzər salmaqla təhlükənin hələ də davam etdiyini görürük.

Hətta bəziləri karantinin yumşadılmasını pandemiyanın birdəfəlik aradan qaldırıldığı kimi başa düşür. Əslində isə belə olmamalı, sağlamlığımız üçün qaydalara əməl etməli və maarifləndirici tədbirlərin daha geniş arenada yayılmasına öz dəstəyimizi göstərməliyik”.

A.Hüseynov qeyd edib ki, hər bir vətəndaşımız üzərinə düşən vəzifələrə ciddi yanaşmalı, xəstəlik dalğasının yenidən yayılmaması üçün gigiyenik qaydalara əməl etməlidir:

“Bir sözlə, sağlam yaşamaq istəyiriksə, dövlətə dəstəyimizi göstərməli, göstərilən bütün qaydalara əməl etməliyik. Üzərimizə düşən öhdəlikləri yetərincə dərk edib, özümüzü və cəmiyyətimizi qorumalıyıq”.