ABŞ hərbçilərinin İraqdan tam çıxarılması qrafiki iyunda müzakirə ediləcək

0
235

Bağdad və Vaşinqton bu ilin iyun ayında ABŞ hərbçilərinin bu ölkədən tam çıxarılması qrafikini müzakirə edəcəklər.
Bu barədə İraq ordusunun baş komandanının rəsmi nümayəndəsi general Əbdül Kərim Xələf məlumat verib.
“Bağdad və Vaşinqton iyun ayında baş tutacaq danışıqlarda ABŞ hərbçilərinin İraqdan tam çıxarılması qrafikini müzakirə edəcək”, – deyə general bildirib. Onun sözlərinə görə, ABŞ qoşunları İraqı tərk etdikdən sonra da Birləşmiş Ştatlarla təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlıq dayandırılmayacaq. Amerikalı mütəxəssislər yerli hərbçilərin hazırlığında iştirak edəcəklər.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın Bağdad aeroportu rayonuna endirdiyi raket zərbəsi nəticəsində İran ordusunun İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani öldürülmüşdü. Tehran buna cavab olaraq yanvarın 8-də İraqda amerikalı hərbçilərin istifadə etdiyi iki obyektə – Ayn-əl-Əsəd hərbi bazasına və Ərbil şəhərinin hava limanına raket zərbələri endirmişdi.
Dekabrın 29-dan İraqdakı şiə qruplaşmalarını atəşə tutan ABŞ-ın fəaliyyəti yerli hakimiyyətin sərt tənqidinə məruz qalıb. Yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkə ərazisindən çıxarılması tələbi ilə qətnamə qəbul edib.