Dövlət koronavirusla mübarizəni gücləndirir: bəs vətəndaşlar nə etməli?

0
364

Dövlət koronavirusla mübarizəni gücləndirir: bəs vətəndaşlar nə etməli?

Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus Çindən tutmuş ABŞ-a qədər dünyanın bütün coğrafiyasında böyük təşviş yaradıb. Bu pandemiya birjalardan həyat tərzimizə qədər hər şeyə sirayət edir. Bəşəriyyət böyük sınaq qarşısındadır və bu sınaqdan yalnız dövlət və cəmiyyətin həmrəy olduğu ölkələrin çıxa biləcəyi görünür.

Hazırda dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir: ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi və s.

Azərbaycan hökumətinin 14 mart tarixindən başlayaraq, aprel ayının sonuna qədər bəzi sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi haqda qərarı da məhz virusun yayılmasının qarşısını almağa hesablanıb. Digər ölkələrin təcrübəsi fonunda virusun yayılmasının qarşısını almaq üçün atıla biləcək əsas addım hələ ki belədir.

Beləliklə, aprel ayının sonuna qədər ölkədə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir; ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır; toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla); dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur; restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir; restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir; saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır; ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir; aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq; ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcək; tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir; dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər; dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir; özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir.

Koronavirusun peyda olduğu Çində infeksiyanın daha kütləvi şəkildə yayılmasının qarşısı məhz izolyativ tədbirlər sayəsində alındı və artıq bu ölkədə müsbətə doğru dəyişikliklər var. ABŞ eyni addımı atdı və mümkün təhlükənin miqyası azaldıldı. Avropa ölkələri də virusla mübarizənin əsas yolu kimi məhz izolyasiya tədbirlərini seçib. Çünki bəzi ölkələr koronavirusun çarəsini tapdıqlarını iddia etsə də, virusa qarşı dərmanın hazırlanması prosesi başa çatmayıb. İndiki halda yeganə xilas yolu izolyasiyadır.

Halbuki, Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə daha qənaətbəxşdir. Ümumdünya Səhiyyə Təşkilatı da bunu təsdiqləyir. Çünki vətəndaşların təhlükəsizliyini düşünən dövlət virusun Çində peyda olmasından dərhal sonra infeksiyaya qarşı müvafiq tədbirlər həyata keçirdi: sərhəd-keçid məntəqələrində və uçuşlara məhdudiyyətlər qoyuldu; səhiyyə müəssisələri gücləndirilmiş rejimə keçdi; təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırıldı;

İzolyasiya tədbirlərinin həyata keçirilməsi də vətəndaşların sağlamlığının qorunması istiqamətində sonuncu və ən vacib addımdır. Real vəziyyət bəlkə də belə bir zərurət yaratmırdı, lakin Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirməyi qərara aldı. Və burada əsas məqsəd dövlətin mümkün təhlükə qarşısında öz vətəndaşını düşünməsidir. ÜST-ün ekspertləri də qeyd edirlər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Lakin qlobal təhlükənin Azərbaycanda təsirini minimallaşdırmaq təkcə dövlətin yox, həm də bütün cəmiyyətin və hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir. Tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaş maksimal şəkildə diqqətli və məsuliyyətli olmalı, tətbiq olunan qaydaların ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlar olduğunu bilməlidir.

Bu prosesdə informasiya təhlükəsizliyi ən mühüm məqamlardandır. Çünki istənilən yanlış məlumat, dezinformasiya təşvişə və acı nəticələrə səbəb olur. Hər kəs təşviş və ajiotaj yaradacaq şayiələrdən qaçmalı, bunu edənlərə qarşı ictimai qınaq güclənməlidir. Məsələnin hüquqi tərəfinə gəlincə, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar yayanların məsuliyyətə cəlb olunması qanunvericiliklə mümkündür.

Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biridir.

Koronavirusa qalib gəlmək öz əlimizdədir, dövlət üzərinə düşənləri edir, yetər ki, hər bir vətəndaş fərdi olaraq məsuliyyət hissini unutmasın.