Leysandan qorunmaq üçün buludları “duzlayırlar”

0
116
Qadın İndoneziyada leysan yağışlardan sonra su basmış küçədən uşağı keçirir, arxiv şəkli
Milyonlarla insanın yaşadığı Cakarta dünyada ən tez su altında qalan şəhərlərdəndir. Ekspertlər hesab edirlər ki, 2050-ci ilədək o tamamilə su altında qala bilər

İndoneziya hökuməti leysanlardan ziyan görən paytaxt Cakartanı qorumaq üçün yeni üsula əl atıb.

Yağıntıların miqdarının azaldılması üçün səmaya iki təyyarə göndərilib. Təyyarələr buludlar Cakartaya çatmasın deyə onlara duzla atəş açıblar.

“Böyük Cakartaya doğru hərəkət edən və yağıntılara səbəb olacağı proqnozlaşdırılan bütün buludların üzərinə NaCl (natrium-xlorid – duz) səpiləcək”, – İndoneziyanın Texnologiya Agentliyindən verilən məlumatda deyilir.

Yeni il ərəfəsində fırtına Cakartaya xeyli ziyan vurub, şəhərin böyük hissəsi su altında qalıb. 192 min nəfər təxliyə olunub, ən azı 43 adam ölüb, onlarla sakin itkin düşüb.

Sinoptiklər bildiriblər ki, yağışların intensivləşəcəyi gözlənilir.

Cümə günü səhər xilasedicilər təmizlik işlərinə başlayıblar. Onlar yaşayış rayonlarında, ictimai infrastrukturun ətrafında, eləcə də dəmir yollarında suyun səviyyəsinin endirilməsi üçün yüzlərlə nasosdan istifadə ediblər.

Ancaq suyun çəkildiyi rayonlarda başqa bəla insanları evlərinə qayıtmağa qoymur, bu – palçıq və zibildir.

İlin bu fəslində Cakartada daşqınlar olur. Bu səbəbdən ölkə Prezidenti Coko Vidodo yaxın bir neçə il ərzində paytaxtı Şərqi Borneoya köçürməyi planlaşdırır.

Budəfəki daşqın 2013-cü ildən bəri ən böyükdür. Milyonlarla insanın yaşadığı Cakarta dünyada ən tez su altında qalan şəhərlərdəndir. Ekspertlər hesab edirlər ki, 2050-ci ilədək o tamamilə su altında qala bilər.