Bura həm qürur, həm də şəfa yerimizdir, üstəlik insanlığın tarixi də buradan başlayır

0
606
Naxçıvanda Duzdağ Mağarası

Köhnəqala ərazisində Nuhun məzarı olduğu iddia edilən yerdə yeni türbə tikilib. Naxçıvana ziyarət edənlər buranı ziyarət etməyi özlərinə borc bilir.

Bu dəfə hədəf “Duzdağ” mağarasıdır. Bura eyni zamanda fizioterapiya mərkəzidir.

“Duzdağ” dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. Buradakı xəstəxana 40 ilə yaxındır ki, fəaliyyət göstərir.

Duzdağ Fizioterapiya Mərkəzi

Xəstəxanaya müalicə ilə yanaşı sadəcə ziyarət üçün də daxil olmaq mümkündür. Ancaq bunun üçün ziyarətçilərə yarım saat vaxt verilir. Bələdçimiz bildirir ki, bəzən ziyarətçilər baxmaq adı ilə gəlib, burada saatlarla otururlar. Xəstəxananın yeraltı şöbəsi 9 şaxtadan ibarətdir. Burada uşaqlar, qadınlar və ikşilər üçün müvafiq palatalar var.

Mağara-xəstəxanaya daxil olanda duzun qəribə qoxusunu hiss edirik. Xəstəxanada dərman preparatlarından az istifadə edilir. Burada bronxial astma, xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya, allergik rinosinusopatiyalar və s. digər xəstəliklərin müalicəsi mümkündür.

Bu duzdan xörək duzu da istehsal edilir

Xəstəxana-mağaraya daxil olub gəzirik. Qəribə havası var xəstəxananın, ürək dolusu nəfəs almaq olur. Uzun şaxtanın sonunda şəfqət bacısı pıçıltı ilə bildirir ki, xəstələrin istirahət vaxtıdır. Buna görə də yetərincə sakit davranmaq lazımdır.

Bələdçimiz deyir yaz-payız aylarında xəstəxanaya yüzlərlə xəstə müraciət edir.

“Bəzən elə olur ki, duzun qoxusu günlərlə avtomobildən çəkilmir. Əsas xəstələrə sağlamlığı bu duz verir. Qayaların hər tərəfi duzdur. Bu duzdan xörək duzu da istehsal edilir. Ümumiyyətlə sağlamlıq üçün çox faydalıdır” – deyə bələdçimiz Əbülfəz Əliyev bildirir.

“Duzdağ”da bronxial astma, bronxit və xroniki pnevmoniyanın müalicəsi mümkündür

Növbəti ziyarət edəcəyimiz yer Əlincə qalasıdır. Ə. Əliyev danışır ki, qala 14 il Əmir Teymur tərəfindən mühasirədə saxlanılsa da, təslim olmayıb.

Əlincə qalası Culfa rayonunun Xanəgah kəndində yerləşir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eramızın əvvələrində inşa edilib. Qala Əlincə dağının zirvəsində inşa edilib. Qala dağın ətəklərindən başlayaraq pillələrlə yuxarıya doğru ucalır. Qala divarları daş və kərpicdəndir.

Tarixi mənbələrə əsasən, qala 1188-1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşah tərəfindən inşa edilib. Bəzi mənbələrə görə isə, qala öz var-dövlətini gizlətmək məqsədilə Erincak adlı qadın tərəfindən tikdirilib. Qalanın adı Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq və başqa formalarda səslənib.

Culfa rayonunun Xanəgah kəndində Əlincə qalası

İddialara görə qalanın 2-3 qapısı olsa da, onlardan yalnız biri istifadə edilib.

“Soyuq aylarda qalaya çıxmaq o qədər də asan deyil. Həm də dağ ətəyi olduğu üçün vəhşi heyvanlarla qarşılaşmaq ehtimalı böyükdür. Buna görə də qalaya da ilin isti aylarında daha çox gələn olur. Qalaya iki saata çıxmaq mümkündür. Yorucudur, amma yorulmağa dəyər” – bələdçi danışır.

Vəhşi heyvanlarla qarşılaşmaq ehtimalını düşünüb, qalaya qalxmırıq.

Bələdçi yol boyu Naxçıvanın tarixi abidələləri haqqında danışır.

İnanclara görə, Nuh peyğəmbər Naxçıvanda dəfn edilib. Naxçıvanda Köhnəqala ərazisində bunu sübut edən türbə də var. Türbə arxeoloji qazıntılar zamanı aşkar edilib. Bələdçimiz bizə “Nuh tufanı” əfsanəsini nəql edir: “Deyilənə görə, Nuh peyğəmbərin gəmisi Naxçıvanda müxtəlif dağlara dəyərək, Gəmiqayada quruya çıxıb. Əfsanəyə görə, o da, həyat yoldaşı da burada dünyasını dəyişib və dəfn edilib”.

Köhnəqala ərazisində Nuhun məzarı olduğu iddia edilə türbə

İndi Köhnəqala ərazisində Nuhun məzarı olduğu iddia edilən yerdə yeni türbə tikilib. Naxçıvana ziyarət edənlər buranı ziyarət etməyi özlərinə borc bilir.

Türbənin yanında isə Qafqazın ən böyük məscidi inşa edilir.

Qısası, Naxçıvanı 2-3 məqalə ilə tərif etmək mümkün deyil. Naxçıvanı sözlə təsvir etmək mümkün deyil, görmək lazımdır.

Odur ki, yolunuzu bir dəfə də olsa bu yurddan salın…