Elmar Məmmədyarov Rusiyadan gözləntilərini açıqladı

0
103

2019-cu ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi təxminən üç milyard ABŞ dolları səviyyəsinə çatacaq.

Bunu KİV-ə müsahibəsində Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, 2019-cu ildə müsbət bir tendensiya, bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub.

“Bu, çox mühüm bir göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər”,- deyə E.Məmmədyarov əlavə edib.

Nazir qeyd edib ki, rəsmi Bakı bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyir.

“Ümid edirəm ki, çox faydalı hesab etdiyim xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcək”.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakından gözləntilərini də açıqlayıb.

“Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik. Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya, münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.

Beləliklə, ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıyıq”.