Səyyar “ASAN xidmət” avtobusu Göyçayda

0
191

Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin səyyar avtobusu noyabrın 6-da Göyçaya gəlib və 30 gün ərzində rayon sakinlərinə xidmət göstərəcək.

Əli Kərim küçəsinin şəhərin mərkəzindən keçən hissəsində fəaliyyətə başlayan “ASAN xidmət”ə ilk gündən müraciət edən vətəndaşlar heç də az deyil. Fəaliyyətə başladığı ilk gündə 161 nəfər bu xidmətdən yararlanıb.

Sakinlərə göstərilən səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlar funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə, həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.