TV-də təhlükəli reklam: ekspertlər həyəcan təbili çaldı

0
225

Son vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı ilə qarşılaşırıq. Hətta sözügedən reklamlarda bu dərmanların reseptsiz qəbul edilə biləcəyi də vurğulanır. Lakin ekspertlər hesab edirlər ki, hansısa dərmanın həkim tövsiyəsi olmadan qəbul edilməsi məqsədəuyğun deyil və müəyyən fəsadlara yol aça bilər.
Məsələ ilə bağlı danışan tibb eksperti Adil Qeybulla bildirib ki, dərman vasitələrinin reklamı düzgün deyil:
“Dərman vasitələrinin reklamı qətiyyən doğru deyil. Avropada dərman vasitələrinin reklamı qadağan olunub. Reklam kommersiya məqsədi daşıyır, dərman vasitəsi isə sırf satış məqsədi daşıya bilməz. İstənilən dərmanı ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Buna görə də dərmanın reklamını etmək olmaz. Çünki reklam varsa, hər hansı bir şəxs reklama inanıb həkim məsləhəti olmadan onu alıb istifadə edəcək. İnsan orqanizmləri fərqli olduğu üçün birinə çox yaxşı təsir edən dərman digərinə çox pis təsir edə bilər.
Məsələn, bəzi televiziyalarda uşaqlar üçün qurd əleyhinə dərman reklam olunur. Kimsə alıb bu dərmanın müsbət təsirini görürsə, bu, o demək deyil ki, hər kəsə eyni təsir edə bilər. Valideynlər çox diqqətli olmalı, belə reklamlara aldanmamalıdır”.
Məsələ ilə bağlı saytımıza danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qeyd edib ki, Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək, zərərli dərman vasitələrinin reklamını həyata keçirirlər.