Tbilisidə Azərbaycan-alman dostluğundan bəhs edən sənədli filmin təqdimatı olub

0
247

Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə Alman -Azərbaycan Cəmiyyəti, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və ARB Aran Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Tiflisdən Payneyə” sənədli filminin təqdimatı olub.

Film böyük Azərbaycan şairi, mütəfəkkiri M.Ş.Vazeh və alman tədqiqatçı alimi F.V.Bodenştedtin yaradıcılığına və dostluğuna həsr olunub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçi Leyla Əliyeva çıxış edərək deyib ki, film təkcə bu iki şəxsiyyət arasındakı dostluğu deyil, bütövlükdə Azərbaycan – Gürcüstan – Almaniya arasındakı dostluq münasibətlərini tərənnüm etdirir.

Tədbirdə muzeyin direktoru Leyla Əliyeva filmin ərsəyə gəlməsində və dostluq əlaqələrimizin inkişafına verdiyi töhfələrə görə Alman-Azərbaycan Cəmiyyətinin “Körpü” diplomu ilə təltif olunub.

Alman-Azərbaycan Cəmiyyətinin sədri, filmin ideya rəhbəri Çingiz Abdullayev çıxışında tədbirin təşkilatçılarına, o cümlədən informasiya dəstəkçisi olan AZƏRTAC-a minnətdarlıq edib. Bildirib ki, M.S.Vazehin və F.V.Bodenştendin yaradıcılığının böyük hissəsi Tbilisi ilə bağlı olub. Bu gün dünya ədəbiyyatına dərin məzmunlu əsərlər bəxş etmiş M.Ş.Vazehin anadan olmasının 220, Bedenşdetin anadan olmasının 200 illiyi qeyd olunur. Film bu iki böyük şəxsiyyətin yubileylərinə gözəl töhfədir.

Filmdə M.Ş.Vazeh və Bodenşdetin yaradıcılığına nəzər salınır, dahi Azərbaycan şairinin dünya ədəbi irsinə bəxş etdiyi nümunələrinin Bodenşted tərəfindən məharətlə tərcümə olunduğu diqqətə çatdırılır.

Filmin təqdimat mərasimdə Almaniyadan gəlmiş qonaqlarla yanaşı Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin, ARB Aran Yaradıcılıq Mərkəzinin əməkdaşları, ədəbiyyat və incəsənət xadimləri, tələbə və məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.