“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı medianın fəaliyyəti

0
439

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başlatdığı “Sülh çeşməsi” (Barış pınarı) antiterror əməliyyatı ilk gündən etibarən dünya və yerli medianın diqqət mərkəzindədir.
Əməliyyatın birinci günü saat 16.00-dan etibarən Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonu ilə Suriyanın Tel Rıfat şəhəri arasındakı sərhəddə media nümayəndələri üçün xüsusi mərkəz yaradılıb. Bu ərazidən dünyanın müxtəlif ölkələrinə operativ məlumatlar ötürülüb. Lakin hadisələrin gedişi KİV nümayəndələrini məkanı tərk etməyə məcbur edib. Belə ki, terrorçular tərəfindən bu istiqamətdə hücumlar başlayıb. Əməliyyatların ikinci günü gecə saatlarından başlayaraq jurnalistlər buradan Mardin şəhərinin Nusaybin rayonuna köçürülüblər. Burada yerləşdirilən dünya və yerli media təmsilçiləri növbəti hücuma məruz qalıblar. Onlar Suriyanın Qamışlı rayonu istiqamətindən snayper atəşinə tutulublar. Hadisə nəticəsində Türkiyənin Anadolu agentliyinin iki müxbiri yaralanıb.
Hadisədən sonra KİV nümayəndələrinin fəaliyyət məntəqəsi yenidən dəyişdirilib. Hazırda dünya və yerli KİV təmsilçiləri sərhəddən üç kilometr məsafədə xüsusi olaraq onlar üçün ayrılmış ərazidən məlumat ötürməyə davam edirlər.