Prezidentdən nazirə: Belə davam edərsə…

0
242

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə Prezident İqtisadiyyat naziri Şahin Mustafayevdən bəzi məsələlərə aydınlıq gətirməsini istəyib.
Şahin Mustafayev növbəti ildə 4,6 faiz inflyasiya səviyyəsi nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, bu proqnoz nəzərə alınmaqla icmal büdcənin yuxarı həddinə yenidən baxılıb və artıq müəyyən hədəf nəzərdə tutulur.
Bu məqamda çıxışa Prezident müdaxilə edib:
Prezident İlham Əliyev: Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni, sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox?
Şahin Mustafayev: Bəli, cənab Prezident, əsasən doğruldur.
Prezident İlham Əliyev: Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq.
Şahin Mustafayev: Beynəlxalq praktikaya uyğun olaraq fərqlənir, yəni, proqnozların tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirlər sonradan nəzərə alınır və hər üç aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Misal üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə Nazirliyi yeni büdcə tərtib edərkən biz proqnoza yenidən düzəliş etmişik və bu gün artıq gələn il üçün proqnoz 3 faizdir.
Prezident İlham Əliyev: Artım?
Şahin Mustafayev: Bəli, 3 faiz görürük. Qeyri-neft sektoru üzrə 3,8 faiz proqnozlaşdırmışıq və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə birbaşa bağlıdır. Yəni, proqnoza müxtəlif amillər təsir edir.
Prezident İlham Əliyev: Əlbəttə, investisiya proqramı da burada önəmli rol oynayır.
Şahin Mustafayev: Bəli, bu, birbaşa təsir edən amillərdən biridir və digər amillər də var. Biz üç aydan bir düzəliş veririk.
Prezident İlham Əliyev: Amma biz çalışmalıyıq ki, iqtisadi artımımız dövlət xətti ilə aparılan xərclərə bağlı olmasın. Çünki bizim əsas iqtisadi artımımızın mənbəyi dövlət investisiya xərcləridir və açığını desək, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur. İndi rəqəmlər də bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır. Ona görə bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır. İndi biz 1,4 milyard manat güzəştli şərtlərlə kreditlər vermişik. Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?
Şahin Mustafayev: Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.