Pediatr: Poliomielitin yeganə profilaktika üsulu…

0
409

Poliomielit sinir sisteminin əzələlərinin iflicinə gətirib çıxaran və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi – poliovirus hominis pikarnovirus qrupundan enterovirus ailəsindəndir. I, ll, lll serotipləri var. Ən çox l tipə rast gəlinir. Yoluxma fekal-oral, yəni çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və virusun hava-damcı yolu ilə ağız boşluğuna düşməsi ilə baş verir. Qaynama, ultrabənövşəyi şüaların dezinfeksiyaedici məhsulların təsirindən məhv olur. Ona görə də hava-damcı yolu ilə ötürülməni nəzərə almasaq, hansı ki, bu ötürülmədən qorunma erkən yaşda edilən peyvənddir, sanitar-gigiyenik qaydalara əməl olunsa, həmin xəstəliyə yoluxma riski azalır. Poliomielitlə, adətən 15 yaşa qədər uşaqlar, nadir hallarda böyüklər yoluxa bilər. Ən çox 5 yaşadək uşaqlar xəstəlikdən əziyyət çəkirlər.

Bu barədə Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova məlumat verib.

“Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən soyuqdəymə simptomları – kataral əlamətlər və hərarətin yüksəlməsi ilə başlayır. Sonra xəstədə möhkəm əzələ ağrıları və süst iflic əmələ gəlir. Bu zaman ətraflardan birinin və yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmaq mümkün olmadıqda xəstəlik ölümlə nəticələnə bilər. Xəstəliyin diaqnozu yalnız laborator müayinə, yəni törədicinin aşkar olunması nəticəsində qoyulur”, – deyə G.Cavadova qeyd edib.

Mütəxəssis bildirib ki, həmin xəstəlik əleyhinə xüsusi müalicə yoxdur: “Müalicə yalnız xəstəliyin simptomlarını, hərarətin yüksəlməsini, iştahasızlığı, əzginliyi, əzələ və baş ağrılarını, ishal və ya qəbizliyi və s. yüngülləşdirməkdən ibarətdir. Bu xəstəliyi keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya əzələlərin funksional aktivliyini bərpa edir. Yeganə profilaktika yolu peyvənddir. Peyvənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra 2,3,4 və 18 aylığında edilir. Hər uşaq iki yaşınadək mütləq həmin vaksinin 5 dozasını qəbul etməlidir. Bir nüansı da nəzərə çatdırım ki, bu virusun yayıldığı bəzi ölkələrə – Hindistan, Pakistan, Əfqanıstan, Nigeriyaya səfər edilən zaman poliomielit əleyhinə peyvənd vurulmalıdır”.

Qeyd edək ki, oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günüdür.