Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə Azərbaycana dair birgə layihələr həyata keçiriləcək

0
200
Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin (İSM) direktoru Şoazim Minovarov və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbəri Samir Abbasov arasında görüş olub.

Görüşdə birgə müxtəlif tədbirlərin keçirilməsi, İslam Sivilizasiyası Mərkəzinin muzey və kitabxanalarında Azərbaycana dair guşələrin yaradılması və digər məsələlər müzakirə olunub.
Şoazim Minovarov Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan İslam Sivilizasiyası Mərkəzi haqqında məlumat verib. Daşkəndin qədim hissəsində 10 hektar ərazidə inşa olunan və Orta Asiyada analoqu olmayan mərkəzin yaradılmasının əsas məqsədinin islamın sülh, humanizm, inkişaf dini olduğunu göstərmək olduğunu söyləyib. AMM ilə birgə əməkdaşlıqda maraqlı olduğunu və yaradılacaq İSM-in muzeyində islam irsinə dair eksponatlarla zənginləndirilməsi, kitabxanada Azərbaycan fondunun yaradılması məsələlərində Mədəniyyət Mərkəzinin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
AMM-nin rəhbəri Samir Abbasov gələcək əməkdaşlıq məsələlərinə toxunaraq tərəflər arasında bu istiqamətdə memorandumun imzalanmasını təklif edib. Hər iki ölkənin islam abidələrinə dair Daşkəndə böyük tədbirin təşkilini, Azərbaycan və Özbəkistanın islam abidələrinin fotosərgisinin keçirilməsini, mərkəzidə yaradılacaq kitabxanada Azərbaycan fondunun təşkilini öz üzərlərinə götürdüyünü qeyd edib. O, hər iki ölkədə qarşı tərəfə dair nadir əlyazmaların saxlanıldığını, xüsusilə islam irsinə dair əhəmiyyətli nəşrlərin sürətlərinin gələcəkdə qarşılıqlı mübadiləsi layihəsi üzərində işləməkdə maraqlı olduğunu bildirib.
S.Abbasov AMM-də yaradılmaqda olan “Azərbaycan-Özbəkistan” Dostluq Muzeyində hər iki ölkənin İslam abidələrinin maketlərinin guşəsinin təşkil edildiyini və gələcəkdə bu sahədə birgə konkret layihələrin icrasını təklif edib. O, rəhbərlik etdiyi mərkəz tərəfindən hər il Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini, xalqlarımızın tarixi dostluğunu, ortaq dəyərlərinin təbliğ edildiyini vurğulayıb.
Şoazim Minovarov Azərbaycan tərəfinin təklifləri ilə işləməyə hazır olduğunu, bütün təşəbbüslərin əhəmiyyətini nəzərə alaraq birgə tədbirlər planının hazırlanmasını təklif edib.