Mətbuat Şurasının idarə heyətinin iclası keçirilib

0
440


Oktyabrın 18-də Azərbaycan Mətbuat Şurasının (MŞ) idarə heyətinin iclası keçirilib.
Şuradan bildiriblər ki, MŞ sədri, deputat Əflatun Amaşov çıxışında Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediasına da aid edilə biləcək fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Şuranın idarə heyətinin üzvləri Prezident İlham Əliyevə dövlət idarəçiliyi baxımından kifayət qədər aktual olan məsələyə həssas münasibət göstərdiyi üçün təşəkkür ediblər. Qeyd edilib ki, mediamız mahiyyətcə yenilikləri, cəmiyyəti inkişafa aparan prosesləri dəstəkləyən mütərəqqi təbiətə malikdir. Dövlət başçısı da buna çalışır və onun mesajları jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir.
İdarə heyətinin üzvləri çıxışlarında ölkədə media sahəsindəki duruma, o cümlədən jurnalistikadan sui-istifadə hallarını şərtləndirən cəhətlərə ətraflı nəzər salıblar. Bildirilib ki, mediadan sui-istifadə meyillərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək səmərəli nəticə vermir. Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyac var.
İclasda qeyd edilib ki, internet medianın həyatımıza təsiri artan xətt üzrə inkişaf edir. Bu təsirin istər cəmiyyətin, istərsə də dövlətin maraq və mənafelərinin təminatına yönləndirilməsinin zəruriliyi vurğulanıb.
Toplantıda səslənən məsələlərin təkliflər paketi şəklində ölkə rəhbərliyinə təqdim edilməsinə dair qərar qəbul edilib.