Cəzaçəkmə müəssisəsində məhkum qadınlarla görüş təşkil edilib

0
257

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına, yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəldilmiş tədbirlər həyata keçirir.

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin tədbirlər planı və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınların azadlığa hazırlanması, azad olunduqdan sonra qısa müddətdə işlə təmin olunmalarına kömək məqsədilə onların istək və peşə imkanları nəzərə alınaraq məhkumluq müddətini bitirməyə 3 ay qalmış məhkum qadınlarla Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası tərəfindən müxtəlif sahələr üzrə sahibkarlıqla məşğul olan qadınlar arasında gələcək fəaliyyətin qurulması nəzərdə tutulub.

Əməkdaşlığın səmərəli qurulması üçün ilkin olaraq məhkum qadınlar haqqında (onların peşə fəaliyyətini, eləcə də maraq və istəklərini nəzərdə tutan) sorğu-anketlər doldurulub və komitə vasitəsilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasına yönəldilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  bildirilib ki, 4 saylı Cəzaçəkmə Müəssisəsində komitənin nümayəndələrinin və bir qrup sahibkar qadının iştirakı ilə məhkum qadınlarla görüş təşkil edilib. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva görüşə gələn sahibkar qadınların fəaliyyəti və nailiyyətləri barəsində geniş məlumat verib.

Daha sonra azadlığa buraxılacaq məhkumlar dinlənilib, bacarıq və peşələri barədə ətraflı məlumat verilib. Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası və 4 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərara alınıb.