Ərdoğandan mükəmməl gedişlər: nəyə nail oldu?

0
203

“Sülh çeşməsi” əməliyyatı qoyulduğu sərhədlər çərçivəsində keçiriləcəyi təqdirdə heç kəs Türkiyəyə sanksiya tətbiq edən deyil. Ümumiyyətlə, ağlı başında olan heç kəs PKK-ya görə türk ordusu ilə savaşa girməz.
Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli Türkiyənin Suriya ilə sərhəddə keçirdiyi “Sülh çeşməsi” əməliyyatı haqqında danışarkən deyib. O bildirib ki, Ərdoğan mərhum xəlifə Abdulhamid xan kimi xristian ölkələrinin bir-birləri ilə ziddiyyətləri üstündə gözəl manevrlər edir:
“Əvvəla, deyim ki, qardaş ölkəyə sözdə təzyiqlər gözlənilirdi. Bu dəfə ola bilsin ki, sözdə ittihamlar daha çox oldu. Çünki bu hərbi əməliyyat daha strateji və miqyaslıdır. O da gözlənilirdi ki, bu təzyiqlər sözdən o yana keçməyəcək. Ağlı başında olan heç kəs PKK-ya görə türk ordusu ilə savaşa girən deyil. BMT-də belə Türkiyəyə qarşı qərar qəbul etmədilər. Xüsusən, BMT-də baş verən çox maraqlı hadisənin üstündə dayanmaq istərdim. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən ikisi – ABŞ və Rusiya – Fransa, Almaniya, Britaniya, Belçika və Polşanın Türkiyəyə qarşı qərar çıxmasına veto qoydu. Bu, türk xarici siyasətinin böyük uğuru idi. ABŞ və Rusiya dünyanın ən böyük beynəlxalq strukturunda Türkiyəni dəstəklədilər. Onlar Türkiyəni itirmək qorxusundan eyni anda Türkiyəyə dəstək verməyə məcbur qaldılar. ”Türkiyə niyə Rusiya ilə yaxınlıq edir” sualına ən gözəl cavab BMT-də qardaş ölkənin xeyrinə olan veto oldu. Bu xarici siyasətin klassik janrı idi. Ərdoğan qrossmeyster gedişi etdi və uddu. Bu haqda Qərb mediası da yazdı. Beynəlxalq siyasəti bilməyənlər və öyrənmək istəyənlər keçmişdə Abdulhamid xanın, müasir dövrümüzdə isə Ərdoğanın xarici siyasətdə usta gedişatlarını diqqətlə izləsinlər, bəlkə nəyisə öyrəndilər”.
Politoloq qeyd edib ki, Suriyada proses onsuz da uzanıb. Səkkiz ildir ki, bu ölkə misli görünməmiş fəlakət yaşayır:
“Bir yandan vətəndaş müharibəsi, digər tərəfdən İran, Rusiya və ABŞ-ın hərbi intervesiyasına məruz qalıblar. Suriya öz ərazi bütövlüyünə sahib ola bilmədiyi üçün qonşu Türkiyə təhlükəsizliyini qorumaq naminə zərurətdən irəli gələn hərbi müdaxilələr edir. Özü də bu hərbi müdaxilələri təkcə özünə görə etmir, həm də evlərindən qaçqın, didərgin düşən suriyalılar üçün edir ki, onlar üçün təhlükəsizlik zonası yaradıb yeni həyat qurmalarına kömək etsin”.
Politoloq bildirib ki, imperiyalar keçmişinə malik olan Türkiyə böyük olmağa məhkumdur, yoxsa onu kiçildib parçalayarlar:
“Hər bir hərbi əməliyyatda risk, təhlükə var, amma böyük, güclü olmaq istəyirsənsə, bütün risklər etməyi, təhlükələrdən keçməyi bacarmalısan, əks halda böyük ola bilməzsən. ABŞ indiki böyüklüyü, gücünə çatmaq üçün bilirsiniz neçə risklər, təhlükələrdən keçib? Böyüklüyün bədəli budur, risk də edəcəksən, təhlükələrdən də keçəcəksən”.
Ə.Məmmədli bildirib ki, Ərəb liqasının Suriya ilə bağlı Türkiyəyə qarşı qərarı gözlənilən idi.