Xalq şairi Fikrət Qocanın doğum günüdür

0
496

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi, Əməkdar incəsənət xadimi Qocayev Fikrət Göyüş oğlunun (Fikrət Qoca) bu gün 81 yaşı tamam olur.

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub.

1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin Milli Qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və başqaları haqqında poemalar yazıb.

1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.

“Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

“Anacan dostum evlənir”, “Könlüm”, “Gəl ey səhər”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s. şeirlərinə musiqi bəstələnib.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illərdəki yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülüb.

Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub (1995).