Təhsilin qiymətləndirilməsi üzrə Bakıda keçiriləcək konfransda iştirak etmək istəyən şəxslərin nəzərinə

0
518

0Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransını təşkil edəcək.

DİM-dən bildirilib ki, Bakıda keçiriləcək builki konfransın mövzusu “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”dır. IAEA-2019 konfransında ali təhsil müəssisələri, ümumtəhsil müəssisələri, həmçinin iş yerlərində qiymətləndirmənin çoxşaxəli məsələlərini əhatə etmək məqsədilə bir sıra mövzular əsasında təqdimatların olacağı nəzərdə tutulur.

Bu günə qədər 50 ölkə üzrə tədqiqatçıların 160 məqaləsi konfransın Elmi Komitəsinə təqdim edilib və 376 iştirakçı qeydiyyatdan keçib. Təqdim olunan elmi işlər uyğunluq, keyfiyyət, əhəmiyyət və dəqiqlik meyarları əsasında Elmi Komitənin aşağıda qeyd olunan üzvləri tərəfindən qiymətləndirilib:

Məleykə Abbaszadə – Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri;

Kamil Aydazadə – AMEA İdarəetmə Sistemləri İnstitutunun “Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının rəhbəri;

Fariz İsmayılzadə – ADA Universitetinin prorektoru;

Zülfiyyə Veysova – Bakı Avropa Liseyinin direktoru;

Yoah Cohen – İsrailin Test və Qiymətləndirmə üzrə Milli İnstitutunun elmi tədqiqatçısı;

John Pitman – Quinsland Brisbeyn Avstraliya Universitetinin və Təhsil məktəbinin professoru.

Tədbirdə təhsilin qiymətləndirilməsi üzrə aparıcı tədqiqatçıların (“keynote speakers”) mühazirələri ilə yanaşı, praktiki məşğələlər (Pre and Post-Conference Workshops) də keçiriləcək.

Konfransda dünyanın nüfuzlu təhsil müəssisələrindən olan spikerlər aşağıdakı mövzular üzrə mühazirələrlə çıxış edəcəklər:

– “Azərbaycanın iqtisadi inkişafında təhsilin və qiymətləndirmənin rolu: imkanlar və çətinliklər” (Dr.Amra Seybik El-Reys (Kolumbiya Universiteti, ABŞ);

-“İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi” (Prof. Piter Tims (Durham Universiteti, Böyük Britaniya);

-“Qiymətləndirmə islahat təşəbbüsü kimi” (Dr. Hanan Xalifa (Cambridge Assessment English, Böyük Britaniya);

-“Təhsil islahatlarında ümumi standartların səmərəli şəkildə həyata keçirilməsində standartların rolu” (Dr. Cemi Dunli (British Council Assessment, Böyük Britaniya);

– “Təhsilin qiymətləndirilməsində proqnozlar və proseslər” (Prof. Neytin Kuncel (Minnesota Universiteti, ABŞ).

Əsas mühazirələr və praktik məşğələlərdə iştirak etmək istəyən şəxslər DİM-in saytında verilmiş məlumat və cədvələ uyğun olaraq qeydiyyatdan keçməyə dəvət olunurlar. Qeyd edək ki, yerli iştirakçılar üçün konfransa qeydiyyatın tam iştirak haqqı 250 ABŞ dolları, birgünlük iştirak haqqı isə 60 ABŞ dollarıdır. Konfransda iştirak üçün qeydiyyat sentyabrın 1-dək, praktik məşğələlərdə iştirak üçün isə sentyabrın 15-dək davam edəcək.

Tədbirə qeydiyyat və ümumi yeniliklər haqqında ətraflı məlumatı www.iaea2019.org saytından əldə etmək olar.