“Dil yaşayanda millət də yaşayır, dil öləndə millət də ölür”

0
993

Firudin Cəlilov: “Çalışmalıyıq ki, dilimizin nizamı pozulmasın, dilin genetikası sağlam qalsın”

Bu gün əlifba bayramı və ana dili günüdür. Bəs cəmiyyətimizdə ana dilimizə yetərincə diqqət və ehtiram mövcuddurmu? Dilimizin mövcud durumu nə dərəcədə qənaətbəxşdir?

Sabiq təhsil naziri, professor Firudin Cəlilov ana dilinin hər bir millətin həyatında mühüm rol oynadığını vurğuladı:

“Millət o vaxt yaşayır ki, onun dili yaşayır. Millətin dili unudulanda, bu dildə danışan olmayanda bu, ölü millət. ölü dil olur. On min ildir bizim dilimiz bizi ayaq üstə saxlayır.

Elə millətlər var ki, onları dini inacları yaşadıb. Ermənilər, yəhudilər belə millətlərdəndir. Bizi isə yaşadan bizim dilimiz olub.

Ana dili bayramı olduqca mühüm bayramdır. Mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Ana dilimizi daha da təkmilləşdirmək üçün onun leksik tərkibinə, yəni söz dağarcığına nəzər salmaq lazımdır. Başqa dillərdən dilimizə keçən lüzumsuz sözlər var ki, həmin sözlər öz dilimizdə də mövcuddur. Biz öz dilimizdə olan sözləri işlətməliyik ki, dilimizin nizamı pozulmasın, dilin genetikası sağlam qalsın. Biz bu dilin qədrini bilməliyik. Çünki ana dili bizim həm keçmişimiz, həm də gələcəyimizdir”.