Bir ildir ki, hər gün ölüm haqqında düşünürəm” – 71 yaşlı Akif İslamzadə

0
219

Dünən Azərbaycanın əfsanəvi müğənnisi Akif İslamzadənin doğum günü idi.

Sənətkar doğum günündə ölkə.az-ın bir neçə sualını cavablandırıb.

– Akif bəy, 71 yaşın əhval-ruhiyyəsi necədir?

-Yetmiş yaşa qədər ölüm haqqında demək olar ki, düşünmürsən. Bəlkə, yaşdan-yaşa, yaxud hansısa hadisə baş verəndə ölüm yadına düşür. Amma yetmişdən sonra elə gün yoxdur ki, ölüm haqqında düşünməyəsən.  Bu ona görədir ki, insan haqdan gələndən qorxmamalıdır.

– Belə anladım ki, son bir ildə bu haqda hər gün düşünürsüz…

– Əlbəttə, hər gün ölüm haqqında düşünürəm. Bu, düşünən beyinə aiddir. Düşünməyən beyin ölüm haqqında düşünəndə başı ağrıyır. Elə insan yüz yaşında da beş yaşında uşaq kimi şeydir. Nəysə…

– İlk təbriki kimdən aldınız?

– İlk təbriki ailəmdən, övladımdan aldım.

– Elə bir insan varmı ki, ondan təbrik umursunuz?

– Heç kimdən heç nə ummuram. Zəng edən də, mesaj göndərən də, göndərməyən də sağ olsun.

– Yəqin ki, məlumatlısınız, bu gün daha bir böyük sənətkarın doğum günüdür. Eyni gündə, eyni ildə anadan olmusunuz.

– Bilirəm, Rasim Balayevin də 71 yaşı tamam olur. Rasimlə münasibətlərimiz çox yaxşıdır.

– Çox güman ki, bu gün təbrikləşəcəksiz.

– Təbrikləşməsək də, onun xətrini çox istəyirəm, böyük sənətkardır.