Arkadi Dvorkoviç: 2019-cu ildə Afrikada şahmatın inkişafına 500 min dollardan çox vəsait yatırılacaq

0
385

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Afrika ölkələrinin çoxu ilə şahmatın inkişafına dəstək haqqında saziş imzalayıb. Bunu avqustun 27-də Kasablankada FIDE-nin prezidenti Arkadi Dvorkoviç bəyan edib. O, avqustun 19-31-də Mərakeşdə Afrika Oyunları çərçivəsində təşkil edilən şahmat çempionatına qatılıb.

A.Dvorkoviç deyib: “Biz istər qlobal miqyasda, istərsə də hər bir qitə üçün şahmatın inkişafı fondunu təmin etmişik. FIDE şahmatın inkişafının dəstəklənməsi və ilk layihələrin maliyyələşdirilməsi haqqında Afrika ölkələrinin çoxu ilə saziş imzalayıb. Söhbət həm turnirlərin keçirilməsindən, həm də mütəxəssislərin, o cümlədən arbitrlərin, məşqçilərin, şahmat yarışları təşkilatçılarının hazırlanmasından gedir. Bir neçə ay əvvəl belə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün Afrikada silsilə kurslar təşkil edilib”.

FIDE-nin başçısı qeyd edib ki, Afrikanın bütün ölkələri ilə belə sazişlərin imzalanması nəzərdə tutulur. “Artıq kontinental şahmat federasiyası ilə saziş var. Bu şahmatın inkişafına böyük təkan verəcək. Əgər söhbət maliyyə məsələlərindən gedirsə, bu il Afrikada şahmatın inkişafına 500 min dollardan çox vəsait yatırılacaq. Bu, sanballı məbləğdir. Çox şey qitə ölkələrinin bizim imkanlarımızdan deyil, resurslardan nə dərəcədə səmərəli istifadə edəcəklərindən asılı olacaq. Biz onları daha çox dəstəkləməyə hazırıq, lakin əmin olmaq istəyirik ki, bu vəsaitdən səmərəli istifadə olunacaq”, – deyə Dvorkoviç fikrini tamamlayıb.