Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb

0
741

Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb.

İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur.

İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

İctimai Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Seçki komissiyasının ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet səhifəsinin elan bölməsində tanış olmaq olar.

Onu da qeyd etməliyik ki, bu xəbər artıq ölkə ictimaiyyətinin geniş müzakirə obyektindədir.

İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədovun Təhsil Nazirliyi yanında ictimai şuranın yaradılması ilə bağlı münasibəti bu müzakirələr içərisində daha obyektiv,  geniş və müsbət əhəmiyyət daşıyır: “Təhsil Nazirliyinin bu addımı cənab Prezidentimizin ictimai siyasətinin çox vacib, dəyərli və əhəmiyyətli bir qolu olaraq alqışlanmalıdır. Məhz Mətbuat günündə qəbul edilmiş ictimai nəzarətin fəallığını artırmaq məqsədi daşıyan bu qərar yalnız Təhsil Nazirliyi müəssisələrinin deyil, ölkə ictimaiyyətinin bütün sahələrdə fəaliyyət göstərən nümayəndələrinin, vətəndaş cəmiyyətlərinin, yalnız təhsil müəssisələrinin fəaliyyətinə ictimai dəstəklə deyil, ölkə əhalisinin təhsil sahəsində də iştirakı və maarifləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr qazandıracağına əminəm”.

“ictimaixeber.az”