“Şəhriyar təkbaşına ədəbiyyatımızın sülh səfiri kimi bütün dünyada gəzir…”

0
464
“Əminliklə deyə bilərəm ki, Şəhriyarın “Heydər babaya salam”poemasıyla Cənubi Azərbaycanda dilimiz və ədəbiyyatımız yüksəldi”
 Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı Sayman Aruz Məhəmməd Hüseyn yaradıcılığı haqda danışarkən deyib. S.Aruz bildirib ki, M.Şəhriyar Azərbaycan ədəbiyyatında bir zirvədir:
“Demək olar ki, uşaqlığım Məhəmmədhüseyn Şəhriyarın evində keçib. Dayımla birlikdə tez-tez onun evinə gedib, Şəhriyarın şeir axşamlarında iştirak etmişəm. Onun çevrəsində şair olmaq istəyənlərin hamısını tanıyıram. Ona görə Şəhriyarı Azərbaycan ədəbiyyatında birmənalı olaraq zirvə adlandıra bilərik ki, onun ikincisi yoxdur. O, Savalan dağı kimi bir insandır. Cənubi Azərbaycamda ən sıxıntılı, basqıların çox olduğu zaman var idi, onda o, “Heydər babaya salam” poemasıyla dilimizi qoruyub saxladı. Əminliklə deyə bilərəm ki, Şəhriyarın “Heydər babaya salam”poemasıyla Cənubi Azərbaycanda dilimiz və ədəbiyyatımız yüksəldi. Təbii ki, düzdü bu yolda Şəhriyara kömək edən Bulud Qaraçorlu Səhəndi də yaddan çıxarmaq lazım deyil. Dostları Şəhriyarı, Şəhriyar da mədəniyyəti, ədəbiyyatı qoruyub saxladı. Şəhriyar o insan idi ki, Tehranı Təbrizin ayağına gətirdi. İndiki İran lideri Xamneyini Təbrizə məhz Şəriyar öz evinə gətirdi. Dəfələrlə xahiş elədilər, əmr verdilər ki, Şəhriyar Xamneyinin yanına getsin, amma getmədi. Şəhriyar Təbrizi Tehran qarşısında, Azərbaycan ədəbiyyatını, fars ədəbiyyatı qarşısında qalib durumuna salan, Azərbaycan ədəbiyyatını təkcə İranda, Türkiyədə deyil, 96 ölkədə təmsil etmiş bir şairdir. Bu isə o deməkdir ki, Şəhriyar təkbaşına bizim ədəbiyyatımızın sülh səfiri kimi bütün dünyada gəzir. Ona görə də Şəhriyarın qədrini bilmək lazımdır”.
Qeyd edək ki, Məhəmmədhüseyn Şəhriyar 1906-cı ilin iyulun 31-də Təbriz şəhəri yaxınlığında Bağmeşə bölgəsində anadan olub.