“Nizaminin, Şah İsmayılın adlarının şərab şüşələrinə vurulması mənəviyyatımıza ziddir…”

0
795

Doğrudan da, nə qədər  təhqiredici səslənir: “Ə, qağa, ordan bir “Şuşa”, ya da “Şah İsmayıl” gətir içək!..” 


 “Məgər Nizami Gəncəvi şərab içib, onun rəsmini konyak şüşəsinin üzərinə vurub adını da yazırlar?.. Yaxud Şah İsmayıl?..”
Bu sualı  açıqlamasında son dövrlərdə Azərbaycanın bəzi alkoqollu içki müəssisələrində erməni işğalı altındakı Şuşa, İrəvan, Ağdam, Qarabağ kimi  müqəddəs şəhər və regionlarımızla yanaşı, görkəmli tarixi şəxsiyyətlərimizin də adına çaxır, konyak buraxılmasından bəhs edən tanınmış ilahiyyatçı Ağa Hacıbəyli verib.
“Nizami Gəncəvi şeyx olub, ömründə dilinə şərab-filan vurmayıb. Onun iştirak etdiyi ziyafətlərdə şahlar, vəzirlər “şeyx Nizami burdadır” deyə hörmət əlaməti olaraq sufrəyə  şərab qoydurmayıb. Şah İsmayıl Xətai isə o boyda torpaqlar fəth edib, Azərbaycanı birləşdirib, bütövləşdirib, 2,8 milyon kvadrat km-lik ərazisi olan dövlətə sahiblik edib. Amma o, namaz qılıb, oruc tutub, şərabdan, eyş-işrətdən uzaq olub… “Şuşa”, “Qarabağ” adının alkoqollu içkilərə veriməsindən danışarkən dediyim kimi, bu halda da bizim azərbaycanlı, müsəlman, türk olaraq tarixi, dahi şəxsiyyətlərimizin adlarını, rəsmlərini Allahın  haram  buyurduğu içki şüşəsinin üzərinə vurmağımız tamamilə biabırçı, dinimizə, inancımıza, mənəviyyatımıza zidd bir davranışdır. O torpaqların, o şairlərin, o dahilərin bizlərə məxsusluğunu başqa dinə-imana uyğun  yollarla, elmlə, ağılla, hərbi güclə sübut etmək gərəkdir”-deyə  islamşünas vurğulayıb.
Qeyd edək ki, bir sıra tarixçilər də Şah İsmayıl Xətainin alkoqollu içkilərdən tamamilə uzaq, mömin bir şəxsiyyət olduğunu təsdiqləyir.
“Tarix üzrə fəlsəfə doktoru Namiq Musalı yazır:  “Mötəbər mənbələr Şah İsmayılın şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət göstərdiyini qeyd edirlər. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl hətta qonşu hökmdar Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı. Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan Şah İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, minacatla məşğul olurdu”.
Mənbələrdə Şah İsmayılın Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır…”(23.05.2019. Axar.az)
P.S. Doğrudan da, ayıq başla, bir azərbaycanlı, müsəlman, türk kimi dərinliyə varıb düşünəndə nə qədər  qəribə, eyni zamanda bayağı və hətta təhqiredici səslənir ki, biri durub restoranda, kafedə, toyda ofisianta desin: “Ə, qağa, ordan bir “Şuşa”, ya da “Şah İsmayıl” gətir içək!..”