Azərbaycanda ev muzeyləri… – fotolar

0
1063

Dövlət vəsaitinin mənasız xərcləndiyi daha bir sahhə. Dünya onları çoxdan özəlləşdirib…

YYSİB sədri, İNK və DAMMİB baş katibi, yazıçı-kulturoloq Aydın Xan Əbilov: ”Fikrimcə, bu muzeylər ya birləşdirilməli, ya böyük muzeylərin daxilində bir şöbə kimi fəaliyyət göstərməli, ya da ki, xüsusi fondlar tərəfindən maliyələşdirilməlidir ki, dövlət büdcəsinə yük olmasınlar…”

Dünyanın hər yerində ən çox ziyarət edilən məkanlardan biri muzeylərdir. Onların sırasında görkəmli şəxsiyyətlərin, ədəbiyyat-incəsənət, dövlət xadimlərinin, böyük musiqçilərin, bir sözlə, bəşəriyyətin rifahına xidmət edən insanların memorial-xatirə, ev muzeyləri də ziyarətçiləri cəlb edir. Həm yerli sakinlər, həm də xarici turistlər görkəmli şəxsiyyətlərin keçdiyi həyat, yaradıcılıq, mübarizə yolunu öyrənmək üçün bu muzeyləri də ziyarət etməyi unutmur. Həmin şəxsiyyətlərin xatirələrinin əbədiləşdirildiyi muzeylərə xarici ölkələrdə yanaşma bizdəkindən fərqlidir. Görkəmli şairlərin, yazıçıların, bəstəkarların, rəssamların, inqilabçıların, ictimai və siyasi xadimlərin mənzil, xatirə və memorial muzeyləri özəl qurumlar kimi fəaliyyət göstərir. Bu muzeylər ziyarətçilərdən əldə edilən vəsitlə, muzeylərin öz daxili imkanları hesabına saxlanır. Keçmiş İttifaq ölkələrinin çoxunda mənzil və xatirə muzeylərinin özəlləşdirildiyi məlumdur. Sovet dövründə əsası qoyulan xatirə-memorial, mənzil muzeyləri o dövrdən başlayaraq dövlət büdcəsindən maliyyələşib. Qeyd etdiyimiz kimi, bir sıra keçmiş ittifaq respublikalarında mənzil muzeylərinin maliyələşdirməsi dövlət büdcəsindən çıxarılıb. Lakin Azərbaycanda hələ də xatirə-memorial, mənzil muzeyləri dövlətdən ayrılan vəsait hesabına fəaliyyət göstərir. Bu muzeylərdə eksponatların alınmasından, bərpasından tutmuş əməkdaşların əməkhaqqına qədər tələb olunan bütün vəsaitlər dövlət büdcəsindən ayrılır.

Yeri gəlmişkən bildirək ki, Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə yaradılıb. İlk memorial muzey isə 1938-ci ildə Şəkidə fəaliyyətə başlayıb. Bu, böyük Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundovun ev-muzeyidir.

Azərbaycanda bu muzeylərin yaranmasına qədər mövcud olan qiymətli eksponatlar indi dünyanın bir çox muzey və sərgi salonlarını bəzəyir. Hazırda Azərbaycan ərazisində 201 muzey fəaliyyət göstərir ki, bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyidir.

Məlum olduğu kimi, resblikamızın muzey şəbəkəsində görkəmli şəxsiyyətlərin xatirə muzeyləri mühüm yer tutur. Xatirə muzeylərinin yaradılmasına xüsusi dövlət qayğısının 1970-1980-ci illərə, daha sonra isə Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonrakı dövrə təsadüf etdiyi bildirilir. Bu muzeylərin açılışı təntənəli mərasimlərlə müşayiət olunub, dövlət və hökumət rəsmiləri həmin mərasimlərdə iştirak edib.

Qeyd edək ki, Bakıda Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Bülbülün, Hüseyn Cavidin, L. və M. Rostropoviçlərin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Cəlil Məmmədquluzadənin, Hacı Zeynalabdin Tağıyevin, Əzim Əzimzadənin, Qara Qarayervin, Niyazinin, Məmməd Səid Ordubadinin, Vaqif Mustafazadənin, Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Şamaxıda Mirzə Ələkbər Sabirin, Lənkəranda Həzi Aslanovun, Şəkidə Mirzə Fətəli Axundovun, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın, Xızıda Cəfər Cabbarlının, Gəncədə Mir Cəlal Paşayevin, Göyçayda Rəsul Rzanın, Ağstafada Hüseyn Arifin, Ağdaşda Maqsud Şeyxzadənin xatirə muzeyləri fəaliyyət göstərir. Bu muzeylərdə həmin şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı toplanan materiallar yer alıb. Muzeylərin yaradılmasında məqsəd həmin böyük şəxsiyyətlərin irsinin yaşadılması, təbliğ edilməsi və mühafizəsidir. Bu muzeylər onların sağlığında yaşadığı, yaradıcılıqla məşğul olduqları şəxsi mənzillərində yaradılıb. Bundan başqa, çox təəssüf ki, Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində Şuşada Üzeyir Hacıbəylinin, Bülbülün və Mir Möhsün Nəvvabın, Ağdamın Gülablı kəndində Qurban Pirimovun, Laçının Güləbird kəndində Sarı Aşığın xatirə muzeyləri erməni vandalizminin qurbanı olub.

Onu da qeyd edək ki, respublikamızın xatirə muzeyləri sırasında şair və yazıçılara həsr olunmuş ədəbi-xatirə muzeyləri daha çoxdur. Ədəbi-xatirə muzeyləri kompleksinə yazıçının yaşamış olduğu ev, mənzil, malikanə, onun şəxsi əşyaları, əlyazmaları, müxtəlif sənədləri, sağlığında nəşr olunmuş kitabları, yaxud yaradıcılığına həsr olunmuş tədqiqat işləri və s. daxildir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən xatirə-memorial, ev muzeylərinin bir çoxu Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət İdarəsinin, bir neçəsi Azərbaycan Milli Elmlər Akademiyasının, bir hissəsi isə rayon mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərir.

Azərbaycanda mənzil muzeyləri özəl fəaliyyət göstərərsə…

Əlbəttə, ədəbiyyatımızda, mədəniyyətimizdə, dövlətçilk tariximizdə, hərb sənətimizdə çox parlaq izlər qoyan görkəmli şəxsiyyətlərimizin hər birinin xatirəsi bizim üçün əzizdir. Ancaq 40-dan xatirə-memorial, ev muzeylərinin dövlət büdcəsindən ayrılan maliyə vəsaiti hesabına fəaliyyət göstərməsi doğru deyil. Bu mənada ki, o muzeylərin özləri müstəqil olaraq maliyyə qaynaqları tapmalı və dövlət büdcəsindən asılı olmadan fəaliyyətlərini davam etdirməlidirlər. İl ərzində dövlət büdcəsindən xatirə-memorial ev muzeylərinin saxlanması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitlə həm muzeyləri saxlayırlar, həm də burada çalışan muzey işçilərinin əməkhaqqını ödəyirlər. Bu muzeylərdə bələdçilərlə, şöbə müdirləri ilə, ekspozisiya nəzarətçiləri ilə yanaşı həm də elmi işçilər çalışır, onlar burada elmi-tədqiqat işləri aparırlar. Bu baxımdan, xatirə-memorial, mənzil muzeylərinin saxlanmasına daha çox vəsait xərclənməsi tələb olunur.

Bəzi muzeyşünasların bildirdiyinə görə, bu muzeylər ya özəlləşdirilməli, ya da ölkəmizdə fəaliyyət göstərən digər muzeylərdə xüsusi şöbələr kimi fəaliyyətini davam etdirməlidir. Hazırda belə muzeylərin saxlanmasının dövlət büdcəsi üçün böyük yük olduğunu qeyd edən muzeyşünasların bildirdiyinə görə, bu muzeylərin heç biri müstəqil olaraq vəsait qazana bilmir.

Bakıda fəaliyyət göstərən xatirə-memorial, mənzil muzeylərinə dövlət büdcəsindən ayrılan vəsitin həcmini araşdırmaq istədik. Mədəniyyət Nazirliyindən sorğumuza cavab ala bilmədiyimiz üçün muzeylərin özləri ilə əlaqə saxladıq.

Belə profilli muzeylərdən bildirdilər ki, muzeylərə ayrılan illik vəsaitin həcmini açıqlaya bilməzlər. Muzeylərin özəlləşdirilməsinə gəlincə, muzey əməkdaşları qeyd etdilər ki, muzeylərə giriş haqqı o qədər ucuzdur ki, bu vəsait hesabına ümumiyyətlə muzeyləri saxlamaq mümkün deyil.

“Xatirə-memorial muzeylərin özəlləşdirilməsi Azərbaycan üçün hələ tezdir”

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə də, xatirə-memorial, mənzil muzeylərinin özəlləşdirilməsi müsbət hal olardı, ancaq bunun üçün o muzeylərin özlərini saxlamaq imkanları olmalıdır. “Azərbaycanda fəaliyyət göstərən mənzil muzeylərinin özəlləşdirilməsi çox yaxşı olardı. Ancaq görək, bu muzeylərin hansı özəlləşdirmədən sonra öz fəaliyyətini davam etdirə bilər? Dövlət büdcəsindən vəsait ayrılmasa o muzeylərin, demək olar ki, çoxu fəaliyyət göstərməz. Bu da onunla bağlıdır ki, xatirə-memorial, mənzil muzeylərimizin ziyarətçi sayı çox aşağıdır. Bu gün heç böyük muzeylərə kütləvi ziyarətçi axını yoxdur. Bu baxımdan, xatirə-memorial muzeylərin özəlləşdirilməsi Azərbaycan üçün hələ tezdir. Xaricdə fəaliyyət göstərən belə profilli muzeylərin arasında il ərzində yarım milyarddan artıq vəsait əldə edən muzeylər var. Əlbəttə, belə muzeylər dövlət büdcəsində asılı deyil, əksinə, öz fəaliyyəti ilə dövlət büdcəsinə də gəlir gətirir. Almaniyada fəaliyyət göstərən bir muzeyi il ərzində yüzlərlə ziyarətçi ziyarət edir, bu da külli miqdarda vəsait deməkdir.

Bəli, bu gün Azərbaycanda mənzil, xatirə-memorial muzeylərin yaşadılması üçün dövlət tərəfindən böyük həcmdə vəsait ayrılır. Demək olar ki, bu muzeylər dövlət büdcəsinə heç bir xeyir vermir. Fikrimcə, bu muzeylər ya birləşdirilməli, ya böyük muzeylərin daxilində bir şöbə kimi fəaliyyət göstərməli, ya da ki, xüsusi fondlar tərəfindən maliyələşdirilməlidirlər ki, dövlət büdcəsinə yük olmasınlar. Çünki onların müstəqil olaraq özlərini yaşatması mümkün deyil. Mənzil muzeyləri ziyarətçiləri cəlb etmək üçün xüsusi layihələr düşünməlidir. Məsələn, muzeylərdə əlavə olaraq kitab klubları da fəaliyyət göstərə bilər, bu, muzeyə gəlir gətirə bilər”.

A.X.Əbilov hesab edir ki, hələlik xatirə-memorial, mənzil muzeylərinin özəlləşdirilməsi müsbət nəticə verməz. O, hətta bunun çox qorxulu tendensiya olduğunu da vurğuladı. “Bu profilli muzeylərin özəlləşdirilməyə cəlb edilməsi indiki halda fayda verməz. Yadınıza gəlirsə, keçən əsrin 90-cı illərinin ortalarından sonra bir sıra kinoteatrların, kitabxanaların, kitab mağazalarının və s. özəlləşdirilməsi baş verdi. Gördük ki, onların çox cüzi hissəsi öz profilinə uyğun fəaliyyət göstərdi, qalanları isə restoranlara, kafelərə, digər obyektlərə çevirildi. Qorxuram ki, mənzil muzeylərinin özəlləşdirilməsinin də nəticəsi bu cür olar. Yaxşı hal o ola bilərdi ki, Dövlət Neft Fondu, eləcə də digər yerli qurum və fondlar özəlləşməyə meyl göstərən muzeylərin fəaliyyətinə maliyyə dəstəyi versin”-deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA