Dünya şöhrətli parfüm eksperti: “Eyni ətir qadın və kişi bədənində…”

0
490

Tanınmış ətir brendi “Lancôme”un parfüm eksperti Həsən Həccac Rusiyanın “Elle” jurnalına müsahibə verib. Görkəmli əttar müsahibəsində qoxular haqqında maraqlı detalları açıqlayıb.

Görkəmli əttarın müsahibəsini təqdim edirik:

– Həm Avropa, həm Asiya, həm də Şərqdə çalışmısınız. Bu regionların alıcıları arasında nəzərəçarpacaq dərəcədə fərq varmı?

– Əlbəttə var. Məsələn, Danimarka ilə Əmirliklərin mədəniyyəti, dili və milliyyəti müxtəlifdir. Amma günün sonunda, ətir mağazasına daxil olanda hamısı bir şey istəyir: arzularının qoxusunu almaq. Fərq yalnız onların arzuları ilə bağlıdır. Asiyalılar yüngül və ağır olmayan kompozisiyalar axtarır, şərq sakinləri daha qalıcı, isti, kəskin və ağac notlarını axtarır.

İnsanların müxtəlif ölkələrdə ətri necə daşıması da fərqlidir. Şərqlilər istəyir ki, istifadə etdiyi ətir “bağırsın”, onu hər kəs “eşitsin”, uzaqdan hiss olunsun. Amma Asiyada belə deyil, orada ətir qoxusu daha intim və individual sayılır.

Rusiya isə bir çox mədəniyyətlərin xususi birləşməsidir. Odur ki, burada yeniliyi qəbul etməyə daha çox istəklidirlər.

– Rusiyada yayda yüngül ətirlər, qışda isə daha ağır istifadə etmək ənənəsi var. Lakin Şərqdə bütün ilboyu kəskin ədviyyatlı kompozisiyalar hökm sürür. Niyə?

– Rusiyada mövsümlər bölünüb: həm isti yay, həm şaxtalı qış, həm yağışlı payız, həm də çiçəkli yaz var. Şərqdə mövsümlər yoxdur: burada bütün ilboyu yaydır və ilin böyük hissəsi çox istidir. Hazırda çox müasir və inkişaf etməkdə olan Dubayda yaşayıram. Hələ qədim dövrlərdən Şərqdə zəngin ədviyyatlı xoş kompozisiyalar istifadə edirlər, çünki onlar daha qalıcıdır, onlar istənilən dəridə bütün gün qala bilir. Hər halda qoxuların istifadəsində tam azadlığa sahib olmalısınız: istənilən notları istənilən vaxtda dərinizdə daşıyın.

– Şərq aromalarının şərqdən kənarda bu qədər populyar olmasının sirri nədir?

– Yadda saxlamaq lazımdır ki, ətir əvvəllər lüksün əlaməti olub. Amma indi ətir lüks deyil, demək olar ki, bir zərurətdir və demək olar ki, hər kəsin bir neçə ətri var. Şərqdə ətirlər xüsusi bir fəlsəfədir: ətir qonaqpərvərliyin bir əlamətidir. Ərəb xalqı qonaq getməzdən əvvəl mütləq ətir vurmalıdır və evin sahibi həmişə buxur yandıracaq. Ətir eyni zamanda dinin bir hissəsidir, dua etməzdən əvvəl mütləq ətir vurmalısınız. Bu, cəlbedicidir! Qərbdə ətir mədəniyyəti tamamilə fərqli idi. Amma! Dünya balacadır, şərqin ətir mədəniyyəti artıq dünyaya da yayılıb. İndi istənilən ölkədə Asiya mətbəxini tapmaq olar, 50 il əvvəl bunu təsəvvür etmək belə çətin idi. Qəhvə kafelərində hansı növ qəhvə istədiyinizi soruşurlar: hər cür çeşid var. Eyni şey ətirlərə də aiddir.

– Uniseks ətirlərin şərqdə istifadəsi haqqında nə deyə bilərsiniz?

– Mənim fikrimcə, niş ətriyyatının uğuru iki səbəbdən ibarətdir. Birincisi, insanlar həqiqətən də bahalı nadir inqrediyentlərdən ibarət yaxşı ətir istəyir. İkincisi, hər kəs gender bərabərsizliyindən yorulub. Əttar hər hansı bir ətri yaradarkən onun qadna və ya kişiyə aid olacağlnı düşünmür. Bəli, əlbəttə ki, o, özlüyündə bir portret təsəvvür edə bilər. Əslində, ətrin hazırlanma prosesində onun başında yalnız müəyyən bir aromatik səs var, qalanları marketinqdir. Odur ki, reklam kampaniyası yaratmağı marka özü düşünür: biz nə cür auditoriya cəlb etmək istəyirik və onun məqsədi nədir. Bu, təcrübələrdən uzaq, qərar verməkdə çətinlik çəkən və seçim edərkən ehtiyatlı davranan müştərilərə kömək edir. Ancaq cinsinizə baxmayaraq, istənilən ətri istifadə etmək hüququna maliksiniz, bunu sizə heç kim qadağan edə bilməz. O da maraqlıdır ki, eyni kompozisiya kişidə və qadında dəridən asılı olaraq fərqli qoxular yaya bilər, hətta siz bunu təxmin edə bilməzsiniz.

Mən maraqlı bir nümunə verəcəyəm. Rusiyada qızılgül klassik qadın inqrediyentidir. Ərəb ölkələrində isə qızılgül kişi komponentidir. Həmçinin kötük (ağac) notları da kişilərə xas hesab olunur, halbuki, bu gün bir çox qadın ətirlərdə məhz ağac notlarını axtarır.

– Bəs sizin üçün ən qadınsal və kişi inqrediyentləri hansılardır?

– Şəxsən mənim üçün ən qadınsal inqrediyent zanbaqdır. Çox gözəl ətirdir və sintetik notdur. Eyni zamanda, yasəmən və ümumiyyətlə, bütün ağ güllər. Ən cəsarətli notlar ağac notlarıdır.

– Bir vaxtlar ağac, ona qədər isə süsən notları dəbdə idi. Yaxın vaxtlarda hansı notlar ürəkləri fəth etməyə hazırlaşır?

– Bunu proqnozlaşdırmaq mümkün deyil! Kaş ki bilsəydim! Mənə elə gəlir ki, indi parfümerlər texnologiyadan istifadə etmək və qeyri-adi notlar yaratmaq imkanından zövq alır: təmizlik, saflıq və su aroması yarada bilərsiniz! İndi paçuli notlarının populyar olduğunu deyə bilərəm, onlar həm qadın, həm də kişilər üçün eyni dərəcədə uyğundur. Çiçək aromaları hər zaman aktualdır. Ağac notları son zamanlarda Qərbdə daha çox trend olsa da, getdikcə populyarlığını itirir, hər kəs bunudan az yorulub.

Moda və parfümeriya arasındakı fərqləri dərhal görə bilərsiniz: bu mövsüm trend olan bir geyimi alsanız, gələcək mövsüm bu barədə unuda bilərsiniz. Amma ətir çox intim və fərdidir, o dəri üzərindədir. Odur ki, nə vaxtsa hər hansı ətri sırf dəbdə olduğu üçün ala biləcəyimi düşünmürəm və sizə də məsləhət vermirəm.

– Bəzi markalar ətirdə istifadə edilən inqrediyentlərin əllə toplandığını xüsusi vurğulayır. Əllə və maşınla toplanmasının nə kimi fərqi var?

– Bəzi bitkilər əllə yığılmalıdır. Minlərlə çiçək təsəvvür edin – məsələn, portağal ağacının güllərindən danışırıqsa, müəyyən ləçəkləri əllə toplamaq lazımdır. Maşın fərqi görmür, yalnız işləyir. Üstəlik çiçəklərin əllə toplanması daha diqqətli olmağa məcbur edir, maşın onları zədələyə bilər. Və təbiəti qorumaq vacibdir.

– Siz eyni zamanda etiket üzrə mütəxəssisiniz. Cəmiyyətdə olduğunuz zaman ətir şüşəsini çıxarıb sıxmaq nə dərəcədə düzgündür?

– Etiket qaydaları müxtəlif ölkələrə görə tamamilə fərqlidir. Dediyim kimi, Asiyada güclü zəngin ətir sərtdir. Şərqdə belə bir problem yoxdur – çox güclü ətiriniz ola bilər.

Lakin ofisdə və ya ictimai nəqliyyatda yüksək notlu ətirdən istifadə etməməyi təkid edirəm. Əgər şənliyə yollanırsınızsa, daha zəngin ətir vura bilərsiniz. Ancaq ətir yeməyin qoxusunu üstələyəcək dərəcədə çox kəskin olmamalıdır.