Yazıçı və şairələrimiz əsgərlərə məktub yazacaq

0
348

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il 1-ci qrant müsabiqəsi çərçivəsində “Qayğı və Himayə” Xeyriyyə Fondu “Vətən oğlu” – Yazıçı və şairələrin əsgərlərə məktubları”: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihəsini yerinə yetirməyə başlayıb.

QHXF-nun prezidenti, şair-publisit Gülayə Rzayeva (Könül) layihə haqqında geniş açıqlama ilə çıxış edib və bildirib ki, icraçılar olaraq qarşılarına qoyduqları məqsəd xaricdən güclü liberal-kosmopolit təsirə məruz qalan yeni nəsil nümayəndələrinin Azərbaycansevər, vicdanlı vətəndaş kimi hərbi-vətənpərvərlik ruhunda böyümələrində, həqiqi hərbi xidmət keçən gənc əsgər və matrosların siyasi-mənəvi hazırlıqlarına kömək məqsədi ilə real, ədəbi-virtual aksiyaların təşkilini, o istiqamətdə fəaliyyətləri əhatə edir. Yazıçılarla şairələrin müxtəlif ədəbi formalardan, – çevik, oxunaqlı janrlardan, epistolyar (bədii-poetik məktub), lirik, esse, həmçinin, kiçikhəcimli nəsr və publisitikadan yararlanaraq, milli ordumuzun hərbiçilərinə – zabit, gizir, əsgər və matroslarına ünvanlanmış “Əsgər məktubları”nın yazılması, kağız kitab və elektron formatda ünvanlara çatdırılması nəzərdə tutulur. Hərbi-vətənpərvərlik mövzusu ətrafında fəaliyyətləri cəmləyən layihə milli-mənəvi, ictimai-tarixi, ədəbi-mədəni tədbirlər, yaradıcı şəxslərlə gənclərin, əsgərlərin görüşləri təşkil olunmaqla bu istiqamətdə maraqlı aksiyaların təşkili, ədəbi müsabiqənin keçirilməsi, kitab nəşri, İnternetdə və sosial şəbəkələrdə o materialların yerləşdirilməsi, əsgərlərə çatdırılması nəzərdə tutur.

3 ay müddətinə həyata keçiriləcək layihə yeniyetmə və gənclərin, eləcə də hərbiçilərin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edəcək. Müasir dövrdə Azərbaycan Milli ordusunun hərbiçiləri – əsgər, gizir, matroslarla yaradıcı adamların ünsiyyəti, “Əsgər məktubları” ictimai-mədəni, sosial-kütləvi, ədəbi-poetik aksiya, müzakirələr, sosioloji-ədəbi görüşlər təşkil etməklə mülki şəxslərin – xalqın öz əsgər övladına qarşı sevgi və sayğısı ifadə olunmasına şərait yaradılacaq. Qarabağ kimi böyük problemin həlli, işğaldan olan torpaqların azad edilməsi kimi aktual məsələlərin həllində – Ali Baş komandan İlham Əliyevin savaş əmrinə hazır olan gələcəyin igid qəhrəmanları, Mübariz İbrahimovlarının yetişdirilməsində yazıçı və şairlərin xüsusi rolu var. Gənclərin, əsgərlərin milli-mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsində, Vətənə sevgi ruhunda köklənməsi üçünyaradıcı insanlardan yararlanaraq ictimaiyyətimizin hərbiçilərə ünvanlanmış müraciətləri-məktubları, eləcə də bu yöndə çap ediləcək kitabın geniş cəmiyyətə təqdim edilməsi, ictimai-mədəni müzakirələrin təşkil olunması, əsərlərdən ibarət ibarət e-toplunun hazırlanması, İnternet resurslarında yayımı əsas məqsədlərdəndir.