Zərifə Əliyevanın ildönümü ilə bağlı tədbir

0
445

Aprelin 23-də AMEA-da görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunan “Alim qadın – Böyük ana akademik Zərifə Əliyeva” adlı tədbir keçirilib.
AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. İ.Həbibbəyli bildirib ki, akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb.
AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə isə çıxışında qeyd edib ki, Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Tədbirdə millət vəkili, siyasi elmlər doktoru, dosent Qənirə Paşayeva da çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşüb. Millət vəkili Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyətin cəmləşdiyini deyib.
Q.Paşayeva qeyd edib ki, Z.Əliyeva elmi yaradıcılığında hər zaman ciddi problemlərə toxunub, göz xəstəliklərinin qarışını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni edib. Millət vəkili bu kimi tədbirlərin keçirilməsinin Zərifə xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə çatdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib. O, həmçinin Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü və Zərifə xanımın keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olduğunu diqqətə çatdırıb.