Sudanda ordu prezidenti devirdi

0
579

Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.

Məlumatı “Al-Arabiya” televiziyası yayıb.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.

“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.

*** 09:57

Sudan Prezidenti Ömər əl-Bəşirin ətrafında olan indiki və keçmiş yüksək vəzifəli şəxslər həbs ediliblər.

Bu məlumatı “al-Hadath” telekanalı yayıb.

Bildirilib ki, həbs edilənlər arasında Prezident Qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var. Taha etiraz aksiyası iştirakçılarına qarşı “kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.

Ölkə paytaxtı Xartumun küçələrinə minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.

Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb.

*** 09:37

Sudanda ordu hərbi çevriliş edib.

Bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.

*** 09:25

Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub.

Bu məlumatı Türkiyənin “NTV” telekanalı yayıb.

Yaxın saatlarda Sudan dövlət televiziyasının və ordunun açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1989-cü il iyunun 30-dan Sudana rəhbərlik edir.