1990-cı ildə dünya əhalisinin 36 faizi günə azı 2 dollara dolanırdı. 25 ildən sonra belə insanların sayı 10 faizədək, 2018-ci ilin sonunda isə 8,6 faizədək azalıb.
Bu barədə təşkilatın Baş katibinin məruzəsində deyilir. Lakin bu gün yoxsulluğun miqyasının azalma sürəti qarşıya qoyulan vəzifəni – yaxın 10 ildə yoxsulluğu ləğv etmək məsələsini şübhə altına qoyur.
“Müəyyən tərəqqiyə baxmayaraq, 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf sahəsində Gündəlikdə əks olunan Hədəf 1-də nəzərdə tutulduğu kimi, dünya 2030-cu ilədək yoxsulluğun ləğv edilməsinə doğru bütövlükdə çox asta sürətlə irəliləyir”, – deyə BMT rəhbəri vurğulayıb.
Son illərdə inkişaf etməkdə olan və orta səviyyəli gəlirə malik ölkələrdə yoxsulluğun miqyasının azalma sürəti qlobal iqtisadi geriləmə, münaqişələr, iqlim dəyişmələri və təbii fəlakətlər nəticəsində aşağı düşüb. Dünyanın əksər regionlarında adambaşına düşən ümumi daxili məhsulun artım sürəti yoxsulluğun ləğvi üçün zəruri olan göstəricidən xeyli aşağıdır.
Vəziyyət, həmçinin qeyri-bərabərliyin sərt artması ilə də çətinləşir. “Əhalinin 10 faiz yoxsul təbəqəsinin gəlirlərinin ildə azı 3 dollar artdığı bir vaxtda yoxsulluğun kökünü kəsmək çox çətindir…”, – deyə məruzədə bildirilir.
Ekspertlər özlərinin dəyərləndirmələrində bir sıra amilləri nəzərə alıblar. Onlar qeyd edirlər ki, 2018-ci ildə dünyada 1,3 milyard yoxsul müəyyən edilib: 560 milyon Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində, 546 milyon Cənubi Asiyada, 118 milyon Şərqi Asiya və Sakit okean regionunda, 66 milyon ərəb dövlətlərində, 32 milyon Latın Amerikası və Karib hövzəsi ölkələrində, 4 milyon isə Avropa və Mərkəzi Asiya ölkələrindədir.