2016-da generallar, indi isə bu məmurlar qovuldu…

0
548

Ermənistanın siyasi rəhbərliyi Azərbaycan diasporunun gücünü hiss etməyə başlayıb. Nikol Paşinyanın diaspor rəhbərlərini işdən çıxarmasının əsas səbəbi kimi axırıncı hadisələrdən sonra güclü erməni diasporunun xaricdəki soydaşlarımızın həmrəyliyi qarşısında aciz qalmasını göstərmək olar. Bu, birmənalıdır.

Bu sözləri açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloqun fikrincə, erməni diasporu artıq Azərbaycanın gücünü hiss etməyə başlayıb:

“Xatırlayırsınızsa, 2016-cı ilin aprel hadisələrindəki yenilgidən sonra Ermənistanda bir sıra generallar və yüksək rütbəli hərbçilər işdən çıxarıldı. İndi də həmin vəziyyət təkrar olunur. Tovuz təxribatlarından sonra xaricdə yaşayan soydaşlarmızdakı vətənpərvərlik hissləri onları bir yumruq kimi birləşdirdi. Onlar güclü erməni lobbisi qarşısında böyük iradə nümayiş etdirdilər”.

Politoloq deyib ki, Ermənistanın diasporu əvvəlki gücündədir, əvvəlki kimi işləyir, lakin bu dəfə onlar Azərbaycan diaspor təşkilatlarının ciddi müqaviməti ilə üzləşdilər:

“Bizim gücümüzü gördülər və heç nə edə bilmədilər. Çünki bizim diaspor təşkilatlarımız bir-birləri ilə koordinasiyalı şəkildə hərəkət edirdilər. Ermənilər başa düşdülər ki, onlar bundan sonra özlərini Azərbaycan diasporları qarşısında keçmişdəki kimi rahat hiss edə bilməyəcəklər. Faktiki olaraq güclü erməni diasporu bu dəfə Azərbaycan diasporunun qarşısında uduzdu. Bu, həqiqətdir və rəsmi İrəvan da bunu etiraf edir. Ona görə də Nikol Paşinyan diaspor işlərinə nəzarət edən 13 vəzifəli şəxsi işdən qovdu”.