20 Yanvarın şahidi olan həkim: “Maşınlarımızı saxlayırdılar ki, yaralılar küçələrdə ölsün” – MÜSAHİBƏ + FOTO

0
409

Qanlı Yanvar hadisələrindən 31 il keçir. Azərbaycanın faciəli günlərindən biri olan 20 Yanvar tarixi xalqımızın qəhrəmanlıq səhifəsidir. Ölkəmizin milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən bu tarixdə canlarından keçənlər heç vaxt unudulmayacaqlar.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Hadisənin canlı şahidləri 20 Yanvar faciəsi günü baş verənləri ürək ağrısı ilə xatırlayır.

Həmin qanlı tarixin canlı şahidlərindən biri də səyyar tibb xidməti göstərən 58 yaşlı Laçın Əliyevadır.

1990-cı il yanvarın 20-də 28 yaşlı Laçın Əliyeva küçələrdə yaralı insanlara ilkin tibbi xidmət göstərirdi.

58 yaşlı Laçın Əliyeva  əməkdaşı ilə söhbət zamanı 31 il əvvələ – 1990-cı ilin 20 Yanvar gününə qayıtdı:

– Həmin günü necə xatırlayırsınız?

– 31 il bundan qabaq baş verənlər bu gün kimi ağlımdadır. O zaman hələ 28 yaşım vardı. Səyyar həkim idim. O vaxt 3 saylı Təcili Tibbi Yardım Stansiyasında çalışırdım. Hər gün olduğu kimi işə gedirdik. Həmin gün axşam saatlarında bizə çağırış daxil oldu və dedilər ki, şəhərdə atışma səsləri gəlir. Artıq onda başa düşdük ki, şəhərdə vəziyyət gərgindi.

Axşam saatlarında artıq hər şey daha da gərginləşdi. Yolları bağlamamışdılar, amma yaralılar barədə də çağırışlar gəlməyə davam edirdi. O vaxt bir neçə briqada yaralılara kömək üçün hadisə yerinə göndərildi. Həmin briqadalardan birində də mən var idim.

– Laçın xanım, yaralılar çox idi?

– İlk çağırışla biz indiki İqtisad Universitetinin yerləşdiyi əraziyə getdik. Orada bir yaralı oğlan var idi, ona tibbi yardım göstərib, xəstəxanaya aparmalı idik. Lakin yolları bağlayıb təcili tibbi yardım maşınlarının hərəkətinə mane olurdular. Əhali bizə çox kömək edirdi. Yolları əhalinin köməyi ilə açırdıq. Yaralıları çətinliklə olsa da, keçmiş Musa Nağıyev adına xəstəxanaya apardıq. Xəstəxananın qarşısında böyük izdiham var idi, hər kəs kimisə axtarırdı. Biri körpəsini, biri ana-atasını, kimisi isə bütün ailəsini axtarırdı…

– Nə qədər yaralını xəstəxanaya çatdırdınız?

– Bizim briqada yeddi yaralını xəstəxanaya çatdırdı. Yaralıların çoxu güllə yarası, bəziləri isə izdiham nəticəsində əzilən, xəsarət alanlar idi. Amma həmin yaralıların hər birinin həyatını xilas etmək mümkün oldu, heç biri ölmədi.

– Həmin insanlardan hansısa biri ilə əlaqələriniz qalıb?

– Xeyr, təəssüf ki, yoxdur. Təkcə Lalayeva Tamilla ilə əlaqələrimiz var idi. O da yaxın illərə qədər çalışırdı, daha sonra yaşı ilə əlaqədar təqaüdə çıxıb.

– Həkimlərdən həyatını itirən oldumu?

– Təəssüf ki, bəli, çağırışa çıxan briqadalardan birinin həkimi yaralılara kömək edərkən vuruldu və həlak oldu. Həkimlər heç nədən qorxmadan küçələrdə idi. Tank gəlirdi və camaat metroya qaçırdı, gizlənməyə yer axtarırdı.

“Bizi təhqir edirdilər, imkan vermirdilər ki, yaralıları götürək”

– Dediniz ki, sizə mane olurdular. Bunu necə edirdilər?

– Əlisilahlı əsgərlər idi. Maşınlarımızı saxlayırdılar ki, yaralılar küçələrdə ölsün. Elə olurdu ki, yaralıları sürüyə-sürüyə yol qıraqlarına gətirirdi ki, təcili tibbi yardım maşınları onları götürə bilsin.

Sahil bağı tərəfdə gizlənən əsgərlər uzaqdan gələn maşınları vururdular. Küçələrdə üzərindən tank keçən əzilmiş maşınlar, səkilərdə həlak olan insanlar vardı.

– Yolunuzu kəsəndə sizdən nə tələb edirdilər, necə oldu ki, sizə atəş açmadılar?

– Bizi saxlayıb, vaxt qazanırdılar. Ağır yaralılar həlak olurdu. Bəzən təcili tibbi yardım maşınını saxlayıb, tibb işçilərini düşürürdülər. Hətta bir əsgər əlindəki silahı bizə doğruldub, üzü üstə yerə uzanmağımızı dedi. Bizi təhqir edirdilər. Mən xəsarət almasam da, həkim yoldaşımız Lalayeva Tamilla xidmət zamanı çiynindən güllə yarası almışdı. Xəsarət almasına baxmayaraq, o, yaralılara kömək etmək üçün çağırışlara getdi.

Həm də o vaxt komendant saatı olurdu. Amma biz mərkəzdən gələn məlumatlardan bilirdik ki, ən çox yaralılar aeroport yolunda idi.

– Ən çox şəhərin hansı istiqamətində atışma vardı?

– Teleteatrın yanında… Əsas xəstəxanalara gedən yolları atəşə tuturdular. Sənədlərinə baxmırdıq, kim yaralı idisə, onları götürüb xəstəxanaya aparırdıq. Əlimizdə çağırış vərəqəsi olsa da, buraxmırdılar. Maşınları saxlayıb, yoxlayırdılar, amma irəli gedəndə arxadan təcili tibbi yardım maşınını atəşə tuturdular.

“Əhali güllə yağışının içində bir-birini tək qoymurdu”

 Həmin gün öz ailənizlə əlaqə saxlaya bildinizmi?

– O vaxt telefon yox idi. İnsanların ah-naləsi göyə ucalırdı. Hər kəs öz əzizini axtarırdı. İnanmazsınız, küçələrdən gələn o səslər qulağımızdan getmir. Mən evə gedənə qədər sağ olduğumu bilmirdilər. Təcili yardım maşınının vurulmasını eşidiblər, elə biliblər ki, mənə nəsə olub. O vaxt evlərdə də telefon çox deyildi.

Amma nəhayət sağ-salamat evə çatdıqdan sonra ürəkləri yerinə gəlib.

– Xəstəxanalara gətirilən yaralıların vəziyyəti yadınızdadırmı?

– Güllələr elə sayrışırdı ki, hər kəs yaralanırdı. Güllə yarası, qolu, ayağı qopan, üzü-gözü tanınmaz halda olanlar… O gecə heç kim heç kimi tapa bilmirdi. Azadlıq meydanına girmək olmurdu. Yollarda çoxsaylı cəsədlər vardı. Ancaq səhər hava işıqlandıqdan sonra küçələrdəki cəsədlər götürülməyə başladı. Həmin şəhidlər 2-3 gün sonra dəfn olundular.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz hər il bu günü hüznlə anırıq. Onların xatirəsini əziz tuturuq. O günləri xatırlamaq bizə o qədər ağır gəlir ki, bir də heç vaxt belə hadisələrin yaşanmasını arzu etmirik.