20 Yanvar şahidi: “Təcili tibbi yardım maşınını atəşə tuturdular ki, yaralılara kömək edə bilməyək” – FOTO

0
262

32 il bundan öncə baş verən faciə… Dağılan ailələr, məhv olan gənclik, yarım qalan arzular… Qanlı Yanvar hadisələrindən 32 il keçir.

Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən bu tarixdə canlarından keçən insanlar illər keçsə də, unudulmayacaqlar.

Həmin dəhşətli gecə…1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər illərdir ki, hadisə şahidlərinin, zərərçəkmişlərin dillərindən dünya ictimaiyyətinə çatdırılır. Bu qanlı gecənin dəhşətini yaşayanlardan biri də 59 yaşlı Laçın Əliyevadır. O, baş verən dəhşətin şokundan çıxmağa macal tapmamış ətrafdakı insanlara yardım edirdi. Çünki, Laçın Əliyeva Qanlı Yanvar günü vəzifə başında olan təcili tibbi yardım həkimi idi.

O, hazırda Bakıda 3 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim kimi çalışır.

32 il əvvəl baş verənləri sanki dünən olmuş kimi xatırlayan Laçın Əliyeva  deyir ki, küçələrdə can verən insanlar, ölən sakinlərin üzü onun yaddaşından bu gün də silinməyib:

“İnsanların gözündəki yardım edin baxışı…”

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mən və başqa həkim Lalayeva Tamilla növbədə olmuşuq. Axşam məlumat gəldi ki, şəhərdə atışma var. O vaxt mənim 28 yaşım var idi. Gurultu, qışqırıq səsləri eşidilməyə başlayanda artıq qaranlıq düşmüşdü. Çağırış daxil oldu ki, şəhərdə yaralılar var, insanlara təcili tibbi yardım xidməti göstərilməlidir. Hazırlaşıb briqada ilə yola düşdük, lakin sovet əsgərləri bizim irəli getməyimizə imkan vermirdilər. Canlı sədd çəkib qarşımızda dayandılar. Amma küçələrdə olan xalqımız bu canlı səddi yarıb bizim yaralının yanına yaxınlaşmağımıza yardım etdilər”.

Laçın xanım deyir ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi, amma buna rəğmən iradəsi sınmadı və milli ruhu sarsılmadı:

“Biz universitetin qarşısına çatanda maşınımızı saxladılar və bildirdilər ki, iki yaralı da var. Yaralıları tez təcili yardım maşınına qoyub çətinliklə olsa da, keçmiş Musa Nağıyev adına xəstəxanaya apardıq. Orada mənzərə daha dəhşətli idi. Əzizlərini axtarmağa gələnlər, qohumlarının meyitini öz maşınlarında gətirənlər. Çox ağırdır mənə o günü xatırlamaq. İnsanların qolları, ayaqları yox idi, bəzilərinin üzü-gözü tanınmaz hala düşmüşdü”.

“Onun arxasınca qayıdanda artıq öldüyünü gördüm…”

Həkim deyir ki, təcili tibbi yardım maşını atəşə tutulurdu ki, yaralılara kömək edə bilməyək:

“Həmin dəhşətli hadisə baş verəndə bizim sərbəst hərəkət icazəmiz var idi. Lakin buna baxmayaraq, bizi saxlayırdılar. Hörmətsizcəsinə maşından düşürüb yerə uzandırırdılar. Min əziyyət verirdilər bizə, amma buna rəğmən biz küçələrdəki yaralıların arxasında getməkdən əl çəkmirdik. Həmin ərəfədə təcili yardım maşını çağırışa gedəndə həkim Lalayeva Tamilla növbədə olmuşdu. Güc-bəla ilə yaralıya kömək ediblər. Təcili yardım maşını geri qayıdan zaman isə atəş açıblar və Tamilla xanım çiynindən güllə yarası alıb. O artıq təqaüdə çıxıb, çalışmır. Həmin dəhşətli hadisənin izləri bu gün insanların nəinki bədənində, hətta ruhunda da qalıb.

Təcili yardım maşınında ağır yaralı iki nəfərdən artıq şəxsi daşımağımıza imkan verilmirdi. Çünki, onları xərəkdə uzadırdıq. Amma güllə yarası alanlar, yüngül xəsarət alanlar hansı ki, otura bilirdilər, onları mümkün qədər çoxluq şəklində daşıyırdıq. Ən çox yaralılar “Salyanski kazarma” deyilən ərazidə idi. Silah səsləri, atışma aeroport yolunda daha çox eşidilirdi. Həmin ərazidə xidmət aparan həkimimiz Aleksandr yaralılara kömək edən zaman şəhid olub.

Yaralıları aparan zaman yol kənarında başqa yaralılar da var idi. Maşında yer olmadığından xəstəxanaya çatıb geri qayıdacaqdıq. O yaralının arxasınca qayıdanda onun artıq öldüyünü gördüm”.

Bütün sakinlər maşınla meyit, yaralı daşıyırdı…

Həkimin sözlərinə görə, xalq özü-özünə əlindən gəldiyi qədər kömək edirdi:

“Təcili yardım maşınlarının qarşısını kəsdikləri üçün əhali həkim gələnə qədər bir-birinə ilkin yardım edirdi. Yaralıları, ölənləri öz maşınları ilə yoldan götürüb xəstəxanaya gətirirdilər. Çox dəhşətli bir hadisə idi. İnanırsınız ki, sayrışan güllələr bizə göz açmağa imkan vermirdi. Çox üzgünəm ki, xalqımızın başına belə bir faciə gəlib. Bu gün də biz şəhidlərimizin xatirəsini əziz tuturuq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Biz hər il bu günü hüznlə anırıq. Onların xatirəsini əziz tuturuq”.