20 Yanvar günü paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

0
367

20 Yanvar günü səhərdən başlayaraq, Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bununla əlaqədar DİN vətəndaşları həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, ölkədə tətbiq edilən karantin rejim qaydalarına əməl etməyə çağırır. 
Virusun yayılmasının qarşısının alınması məqsədilə ziyarətçilər sosial məsafəni gözləməli, mütləq qaydada tibbi maskalardan istifadə etməli, beş nəfərdən artıq qruplarda hərəkətdən çəkinməlidirlər.