20 YANVAR AZADLIĞA APARAN YOL

0
234

(1990-cı il… 19-dan 20-nə gecən gecə sovat tankları Azərbaycanın paytaxtı Bakıya girib qırğınlar törətdi. Dinc və günahsız insanları qətlə yetirdi.)

33 il bundan əvvəl Azərbaycan tarixində misli görünməyən faciə yaşandı. Bu faciəni başımıza açan rus ordusu oldu. Hər şey planlı şəkildə hazırlanmışdı. Bir gecənin içində Bakının küçələri qan gölünə döndü.

O dəhşətli gün heç gözlərimin önündən getmir.
Orta məktəb də oxuyurdum, hər kəs bir – birinə dəymişdi,kimsə müəllimlərdən məlumat axtarirdi. Halbuki,onlarda susqun şagirdlərinin üzünə baxırdı.

Hər kəs öz evində ekran qarşısında oturub xəbər gözləyirdi. Birdən-birə Azərbaycan televiziyası susdu. Daha doğrusu televiziyanın yayın bloku partladıldı.

O gecə yaşanan dəhşətlər səhəri gün hər kəsə bəlli oldu. Azərbaycan matəmə büründü. İnsanlar qorxu bilmədən meydanlara axışdı. Lakin rus ordusunun saqqallıları kimsəyə acımır, insanları günün günorta çağında qətlə yetirirdi.

20 Yanvar, qanlı yanvar! O dəhşətli gecədən 33 il ötür. Sanki dünən olmuşdu. Ancaq o dəhşətli gecə Azərbaycan xalqını azadlığa apardı. İnsanlar rus imperiyasının əsarətindən qurtarmaq üçün meydanlarda yatdılar. Bəli, şəhidlərin qanı bahasına azadlığı qazandıq.

Şəhidlərimizin məzarı al qırmızı qərənfillərlə örtüldü. Artıq 33 ildir ki, toylarımızın bəzəyi olan, gəlinlərimizin qucağında ər evinə gedən qərənfillər şəhid məzarlarını bəzəyir. O qərənfillər boynu bükük bitirlər.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisi”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin,İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri