2 900-ə yaxın hərbçiyə əlillik təyin edildi – FOTO

0
362

44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları bitmiş 2 900-ə yaxın hərbçiyə əlillik təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə, Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.

Bundan sonra yekun mərhələ olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi qiymətləndirir.

Vətən müharibəsində yaralanmış 2 885 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.

Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.