“1920-ci ildə Rəsulzadəni Xızı sakinləri atları dəyişə-dəyişə Lahıca çatdırıb…”

0
891

 


Xızı rayonu paytaxt Bakının şah damarıdır…”
1990-cı ilin aprelində Azərbaycan Respublikasının o dövrkü başçısı, ilk Prezident Ayaz Mütəllibovun təşəbbüsü və Ali Sovetin qərarına əsasən Ermənistan və Qarabağdan didərgin düşən soydaşlarımızın müvəqqəti məskunlaşdırılması məqsədi ilə ölkəmizdə yeni inzibati-ərazi vahidi kimi  2 rayon( Qobustan və Hacıqabul) yaradılıb, digər 2 rayon (Xızı və Ağstafa) isə bərpa edilib.  Lakin nədənsə bu əlamətdar tarixlər unudulub və bildiyimizə görə, heç adı çəkilən rayonların rəhbərlikləri səviyyəsində də anılmayıb.
Qeyd edilən rayonların ilk rəhbərləri haqda maraqlandıq. Və yalnız Xızı rayonunun ilk başçısı olmuş tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayevlə əlaqə qura bildik.
“Elə mənim üçün də maraqlıdır ki, Azərbaycanın bu 4 rayonunun yaranma, bərpa tarixləri, 30 illikləri nədən unudulub. Axı, müstəqilliyimizin bərpası prosesinin getdiyi, Ermənistanla müharibənin  başladığı o ağır illərdə Qərbi Azərbaycan qaçqınları və Qarabağ köçkünlərinin müvəqqəti məskunlaşdırılmasında həmin rayonların böyük rolu olub…” – bunu deyən Xızı rayonunun ilk İcra Hakimiyyəti başçısı öncə təşəkkür etməyi özünə borc bildi.
«Xızı rayonunun bərpasını ilk dəfə təşkil edən, həmin rayonun partiya komitəsinin ilk birinci katibi və icra başçısı, bu rayonu 10 il parlamentdə deputat kimi təmsil etmiş bir şəxs olaraq Moderator.az saytının baş redaktoru və əməkdaşlarına yaxın tariximizin vacib məqamlarının unudulmamasından ötrü əllərindən gələni etdikləri üçün  təşəkkürümü bildirirəm. Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin araşdırılması, həmin bölgələrin inkişafında xidməti olmuş şəxslərin xatırlanması milli, vətənpərvər ruhlu gözəl bir ənənədir. Moderator.az-a bu kimi işlərində yeni-yeni uğurlar diləyirəm…
Xızı rayonunun bərpası barədə əsas məqamlara toxunmamışdan öncə rayonun Respublika və onun paytaxtı Bakı üçün coğrafi-siyasi, iqtisadi və tarixi əhəmiyyəti barədə bir neçə kəlmə demək istəyirəm. Xızı  strateji cəhətdən Azərbaycanın digər rayonlarından tamamilə fərqlənən bir bölgədir. Əvvəla, paytaxt Bakı üçün ən vacib kommunikasiya xətləri Xızı rayonunun ərazisindən keçir. İstər Rusiya imperiyası, istər SSRİ, istərsə də indiki müstəqillik dövründə də bu amil öz əhəmiyyətini itirməyib. Buraya  magistral avtomobil və dəmiryolları, Şollar və digər su kəmərləri, Samur-Dəvəçi kanalı, Rusiyaya gedən qaz və neft kəmərləri, vacib yüksək gərginlikli elektrik xətləri  və s. aiddir.  Bir sözlə, obrazlı şəkildə desək, Bakının şah damarı Xızıdan keçir…
Onu da xatırladım ki, sovet dövründə Xızı ərazisində SSRİ Müdafiə Nazirliyinin 7 hərbi hissəsi yerləşib. Onlardan 3-ü Qafqaz regionunda ən vacib məxfi hərbi birləşmələrdən olub…
İkincisi, Xızı rayonu camaatının qonaqpərvər, gülərüz və mərd xarakterlərini vurğulamaq istəyirəm. Bunun xüsusilə, Ermənistan və Qarabağdan gələn qaçqın və köçkünlərin  rayon ərazisinə yerləşdirilməsi zamanı şahidi oldum.  O camaat nə qədər özləri çətinlik içində olsalar da belə, həmin qaçqın-köçkünləri öz qardaş-bacıları kimi qarşılayaraq darısqal evlərində də onlara yer verdilər, bacardıqları qədər qida və geyimlə təmin etdilər. Orada çalışdığım illərdə əmin oludm ki, Xızı camaatı qanunu, ədaləti, həqiqəti sevən, əl qabarı, alın təri ilə dolanışığını quran,  yalana, harama, dələduzluğa, rüşvətə nifrət edən, Allahı, Peyğəmbəri(s) tanıyan  bir camaatdır…
Çar Rusiyası dövründə imperatorların özünü də cəlb edib Xızı ərazisi. Çünki Bakı ətrafında ən səfalı ərazi olub. Ona görə də  1839-cu ildə Rusiyanın Samara və Tula şəhərlərindən Altıağaca 80 ailə köçürülüb və onlar üçün hər cür şərait yaradılıb.
Onu da vurğulamaq lazımdır ki, bölşevik Rusiyası Azərbaycanı işğal edən zaman, eləcə də kolxozlaşma dövründə “Allahsızlar ittifaqı” yardılmasına, yəni ateizimin təşkilinə ən çox müqavimət göstərən bölgələrdən biri də  məhz Xızı olub.  Minlərlə insan güllələnib, repressiyaya, sürgünlərə məruz qalıb.  Rayonun Ağdərə kəndi 1930-cu illərin ortalarınadək Sovet hakimiyyətinə tabe olmayıb. Sakinlər  kəndin yarısı qırılanadək vuruşub bolşeviklərlə. Bu, Azərbaycan tarixində Ağdərə hərəkatı kimi qalıb…
Xızı camaatının qeyrətinə, mərdliyinə 1920-ci ildə bolşeviklər tərəfindən devrilən Xalq Cümhuriyyəti liderləri də böyük etimad göstərib. Bunu o tarixi fakt da sübut edir ki,  Məhəməd Əmin  Rəsulzadə rusların təqibindən qurtulmaq üçün İsmayıllı rayonunun Lahıc kəndinə Xızının Giləzi və Uxa kəndlərindən keçməklə  gedib. Bir  neçə gecə həmin kəndlərdə qalarkən kəndlilərlə gizli görüşlər, söhbətlər keçirib. Xızılılar atları dəyişə-dəyişə böyük çətinliklə də olsa, Məhəmməd Əmini Lahıca çatdırıblar…” –bunları qeyd edən M.Musayev sonra bilavasitə Xızı rayonun bərpa və yenidən qurulması işlərindən danışdı:
“Öncə onu xatırladım ki, Xızı rayonunun əsası 1930-cu ildə qoyulub. Lakin 1963-cü ildə rayon ləğv edilərək Abşeron rayonunun tərkibinə qatılıb. Azərbaycan Respublikası Ali Sovetinin 24 aprel 1990-cı il tarixli qərarına əsasən Xızı rayonu bərpa edildi. Onu xüsusi olaraq vurğulayım ki, qeyd etdiyimiz digər 3 rayon: Qobustan, Hacıqabul, Ağstafa kimi  Xızının da bərpası və yenidən yaradılması da bilavasitə Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibovun təşəbbüsü və göstərişi ilə baş tutub.
Dövrün tələblərinə uyğun olaraq o vaxtlar bütün məsələlər partiya rəhbərliyi tərəfindən həll edilirdi. Ona görə də Xızı rayonunun rəsmi olaraq fəaliyyətə başlaması və formalaşması üçün rayonda birinci növbədə partiya təşkilati yaradılmalı idi. Bununla əlaqədar olaraq respublikanın direktiv orqanları tərəfindən “Xızı rayonunun yaradılması üzrə təşkilat komitəsi” təsdiq edildi. Sədr Abşeron rayon partiya komitəsinin birinci katibi Abbas Abbasov, sədrin müavini isə mən oldum. Komissiyanın digər üzvləri bununla əlaqədar ərazi, sərhəd, təsərrufat, maliyyə, əhali, kəndlər, kommunikasiya və digər məsələlərin bölgüsü və ayırd edilməsinə aid olan işlərin həlli ilə məşğul oldular.
Xızı rayonunun yaradılması üzrə məsələlər yetişkənlik vəziyyətinə çatdıqdan sonra 25 iyul 1990-a ildə Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində Xızı rayonunun birinci təsis konfransı çağırıldı. Çıxışlarda qeyd edildi ki, Xızı rayonu vaxtilə kənd rayonu kimi fəaliyyət göstərmiş və respublikada böyük şöhrət qazanmışdır. Sonralar baxımsızlıq və qayğısız- lıqdan kəndlər sürətiə dağıdılmış, əhali Bakı, Sumqayıt və bu şəhərlərin ətrafındakı yaşayış məntəqələrinə köçmüşlər. Eyni zamanda qeyd edildi ki, Dağlıq Qarabağ və Ermənistandakı millətçiliklə bağlı Qarabağdan və İrəvanətrafı rayonlardan azərbaycanlılar, Özbəkistandan isə türklər qovulmuşlar. Onların yerləşdirüməsi, işlə təmin edüməsi və digər məsələlərdə respublika daxilində gərginlik yaranmışdır. Nəzərə alaraq ki, qaçqın və köçkünlərin əksəriyyəti kənd rayonlarmdan gəlib və əvvəlki yaşadıqları yerlərin iqlim şəraiti də Xızıya uyğundur, ona görə də rayonun yaradılması vacib bilinmişdir. Azərbaycan Respublikasınm Ali Soveti bununla əlaqədar 4 rayon yaratmışdır ki, onların içərisində Xızı ərazicə ən böyüyü, əhalisinin sayına görə ən kiçik rayondur. Və sairə…
Konfransın gündəliyinə yalnız bir məsələ qoyul-du: “Xızı rayon partiya təşkilatmın rəhbər orqanlarınm seçilməsi”. Partiya təşkilatina Abşeron rayonu və yeni gələn qaçqın-köçkün rayonların partiyaçılarmdan plenium üzvləri seçildi (Ağalarov Hikmət, Abbasov Sədrəddin, Aslanov Rövşən, Bayramov Üzeyir, Qasımov Oqtay, Əliyev Ramiz, Əkbərov Zaməddin, Əliyev Adil, Zəkiyev Ağa- gül, Yaqubov Əlisəfa, Maqsudov Yusif, Həsənov Qəşəm, Həsənli Nurəddin və digərləri)…
 Xızı rayonunun yaradılması barədə qərar qəbul edildikdən sonra əməli işlər təşkil edilməyə başlandı. Kadrları axtarıb tapmaq, respublika təşkilatlarmdan ştat vahidlərini almaq, onlar üçün iş şəraitini minimumda olsa belə, təşkil etməyin ağır günləri başladı. İlk həftə-aylarda idarələrin bəziləri baraklarda – bir otaqda, 10-12 kvadratmetrlik yerlərdə yerləşdirildi. Şərait olmadığmdan elə vaxt olurdu ki, bir oturacaqda işçilər növbə üə əyləşməli olurdular (digərləri ayaqüstə dayanırdı). Rayon idarələrinə yeni təyin olunan işçilərin yaşayış yerləri olmadığı üçün hər gün Bakıya gedib-gəlirdilər (yol xərci pulsuz idi). Bunun üçün çətin də olsa, vəsait ayırıb bir avtobus ala bilmişdik. Ən əsas məsələlərdən biri də o idi ki, irili-xırdalı yüzə yaxın yar adüacaq kənd, kolxoz, idarə, məktəb, baxça və sairə tez işə başlamalıydı. Fəaliyyətlərinin canlı ola-raq hiss edilməsi üçün bank hesabları açılmalı, möhür blank və sairə yaradılmalı idi. Bütün bunlar və hər şey Bakıdan, Abşerondan, Sumqayıtdan, Şamaxıdan və onun təşkilatlarmdan asılı idi. Lakin yeni işə başlayan insanlar vəziyyətin ağırlığına baxmayaraq işin öhdəsindən gəlməyə çalışırdılar. Əlbəttə, elə kadrlar oldu ki, bir neçə gün işlədikdən sonra qaçmağı üstün tutdular. Elə idarə də oldu ki, onun rəhbəri işə başlayır, ayın axırında yox olurdu və yenisini də çətinliklə axtarıb tapa bilirdik. Elə təşkilatlar da oldu ki, onu tez yaratmaq xatirinə mərkəzə məlumat verib, iş yeri açmaq naminə oraya azsavadlı, səriştəsiz, hətta təcrübəsi olmayan adamları təsdiq edirdik. Bütün bunlar maddi imkansızlıq və kadr çatışmazlıqlarına, qaçqınlara tez bir müddətdə iş yeri açılmasına görə edilirdi.
Fərman, qərarlar və sərəncamlarla dolu və yalnız kağızlar üzərində olan rayonu “ətə-qana gətirmək”, həyatda reallaşdırmaq, onu işlək vəziyyətə gətirərək necə olursa olsun, tez formalaşdırıb, canlandırmaq lazım idi. Belə vəziyyətdən istifadə edib, saxta vətənpərvər, “işgüzar şəxsiyyətlər” və “səriştəli təşkilatçılar” qrupları arasında dövlət vəsaitini mənimsəmək naminə bir neçə sifətə girib bizi aldadanlar da oldu. Bu cür faktları danmaq qeyri mümkündür. Bunun əsas səbəbi də o idi ki, rayonun idarə və təşkilatlarma rəhbərlik etmək üçün yerli kadr az idi, olanlar da başqa yerlərdə işləyirdilər.
Qaçqın kimi Xızıya cəmləşən insanlar içərisindən tanımadığımızlarla işə başladıq. Onların əksəriyyətini bir neçə həftəydi ki, görmüşdük, keçmişlərinə bələd deyildik, çoxusunun pasportu, diplomu və əmək kitabçası belə yox idi. Heç kəs heç kəsə zəmanət vermirdi və vermək də istəmirdi. Bir-birlərini tanıyanlar da bəzi hallarda yanlış məlumatlar verirdilər. Odur ki, səhv də olsa, “yığma kadr komandası”ndan istifadə edib onlarla işləməyə məcbur idik. Çalışdığımız o idi ki, səhv az edək, tanımadıqlarımızdan rayona ziyan dəyməsin. Kadr seçimində rüşvətxorluğa, yerlibazlığa, talançılığa imkan verilməsin. Əlbəttə, yaramaz ünsürlər həya etmədən haram əllərini qaçqın olmuş xalqm malına uzadırdılar. Allah sonralar öz cəzasını onlara verdi. Əfsuslar olsun və etiraf etməliyik ki, naəlaclıqdan işə götürülənlərin bəzilərinin ziyanı indinin özündə də Xızı camaatına dəyməkdədir.
Rayon yaradılarkən imkansızlıq və yoxluqdan “kadr siyasəti”miz özümüzü də qane etmirdi. Bəzən bilərəkdən bəzi addımları atmaq məcburiyyətində qalırdıq…
Elə hallar olurdu ki, rayonun rəhbər təşkilaüarı yer olmadığmdan məcbur olub idaslanm açıq havada, ağac köl- gəsində, avtomaşmm oturacağmda, çay qırağmda keçirirdüər. Məqsəd, qaçqınları çadırlardan, tövlələrdən, klublardan, baraklardan, qonaq təki qaldıqları evlərdən tez köçürmək üçün əllərindən gələni etmək idi. Təskinliyi onda tapırdıq ki, idarəsi, nəqliyyati, rabitəsi və minimum şəraiti olmasa da əksər işçilər vəzifəsinə vicdanla yanaşırdılar. Buna görə də iki ilin içərisində, yeni yaranan rayonda yol, elektrik, qaz, su və rabitə sahəsində böyük irəliləyiş oldu. Bəzi hallarda qaçqınlara tikinti materiallan verib, onlara köməkliklər edilirdi ki, zövqünə münasib olan evlərini özləri tiksinlər. Belə ki, qısa vaxt içərisində kəndlərdə yüzlərlə ev tikib qaçqınlara verilməli idi. Bunun üçün isə texniki vasitələr və fiziki qüvvələr çatışmırdı.
Bakı şəhərində ayrı-ayrı Nazirliklər arasında iş böl- güsü aparılmışdı və onlar qaçqınlar üçün sürətlə evlər tikirdilər. Məsələn, Bakı şəhərindən “Bakstroy” (Bakı şəhəri tikinti idarəsi) keçmiş Yaşma kəndində şəhərin vəsaiti he- sabına quraşdırma evlərin tikintisinə başladı. Yeni kəndin salınması üçün ərazini Bakı şəhər Partiya komitəsinin bi- rinci katibi R. Ağayev, Bakı şəhər Baş tikinti idarəsinin rəisi R. Gülməmmədov və mən seçməli olduq. Kəndi “Yeni Yaşma” adlandırmağı də biz fikirləşmişdik. Əlbəttə, kənd yeri üçün bu ərazi o qədər də əlverişli deyildi. Ona görə ki, qrunt suları torpağın səthinə yaxın idi, küləkli günlərin sayı çox olurdu. Əvvəllər burada bir neçə ailə ya- şamışdı ki, iqlimdən onlar da razılıq etmirdilər. Bütün bun- ları bilsək də Bakıya məsafəcə yaxın olan, panel-plitələri daşımağa yararlı idi. Bir gündə bir ev tikmək mümkün idi və bəzi günlər tikilirdidə. “Bakstroy” və başda onun rəhbəri mərhum Rauf Gülməmmədov olmaqla demək olar ki, bir neçə aylığma Yeni Yaşma kəndinə köçmüşdü, iş yeri bu kənd idi. Hətta, Bakı şəhəri üzrə tikinti məsələlərini də o, Yeni Yaşmadan idarə edirdi. Fəhlələr üçün məişət şəraiti və yeməkxananı o qədər yaxşı təşkil etmişdi ki, bəzən rayon rəhbərləri də fəhlə yeməkxanasına gedirdilər (onsuzda hamı boxçada yeməyini evindən gətirirdi). R.Gülməmmədovun işə vicdanlı münasibəti nəticəsində plan üzrə nəzərdə tutulan evlərin bir hissəsi, küçələrin sa- lınması, içməli suyun çəkilməsi, magistraldan kəndə yol (bu başqa bir Nazirliyin işi idi) və qaz çəkilişi həll edildi. Paralel olaraq kolxoz, kənd sovetliyi, orta məktəb (tikintini çox pis keyfiyyətlə “Kolxozstroy” aparırdı), rabitə qovşağı, tibb məntəqəsi, tikiş sexi və sairə yaradıldı (“Bakstroy”un tikdiyi beşotaqlı evin birinci qaçqın ailəsinə verilməsində iştirak etmək üçün Yeni Yaşmaya Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibov da gəldi).
Kəndin ətrafmdakı torpaq sahələrinə üzüm plantasiyaları salmaq məqsədilə 120 hektar sahədə layihələşdirmə aparılıb, xeyli maliyyə vəsaiti ayrılaraq meliorasiya işləri başlandı. Bu layihə təxminən 30-35% yerinə yetirilsə də sonralar nədənsə tam dayandırıldı. Kəndə müxtəlif adda kənd təsərrüfat texnikası verildi. Azərbaycan Dövlət Qaçqınlar Komitəsi Yeni Yaş-manı himayədarlığa götürdü və xeyli iş yerləri açdı…
Xızı rayonunun bərpası barədəki işlər, eləcə də bu ərazinin tarixi haqda daha ətraflı “Xızı XX əsrdə” kitabımda(bax: https://m-musayev.com/)yazmışam.  Sonda bu işlərdə bizə böyük dəstək olmuş br neçə şəxsin də adını çəkmək istəyirəm. Eks-prezident Əbülfəz Elçibəyin rayonun ən çətin  vaxtlarındakı dəstəyini, mədəniyyat naziri Polad Bülbüloğlunun Mikayıl Müşfiqin muzeyinin yaradılmasında, məşhur heykəltəraşımız Eldar Ömərovun Xızı rayon mərkəzində Cəfər Cabbarlının heykəlinin qoyulmasında, keçmiş Kənd Təsərrüfatı naziri Müzamil Abdullayevin təsərrüfatlarımızın texnika, toxum və s. ilə təmin olunmasındakı xidmətlərini xatırlamamaq mümkün deyil…
Xızı rayon camaatına bundan sonrakı quruculuq, yaradıcılıq işlərində, Vətənimiz Azərbaycanın gələcək inkişafına xidmət sahəsində yeni-yeni uğurlar diləyirəm”- deyə rayonun ilk icra başçısı sözünü yekunlaşdırıb.
Sultan Laçın