Yaralı olduğu halda əsgər yoldaşlarının həyatını xilas edən və 18 gün komada qalan qubalı qazimiz evinə dönüb.
Onun dönüşü əsl bayram ab-havası yaradıb.
Böyükdən-kiçiyə hər kəs əsgərin evi qarşısında onu qarşılayıb.
Səkkiz ildir vətənə qulluq edən gizir Zeynal Fərzəliyevin əsas vəzifəsi yaralı əsgərlərimizə tibbi yardım göstərmək olub. Ordumuzun şücaətindən danışan qazi deyir ki, bir çox əsgər yoldaşları ağır yaralansa da, döyüş meydanını tərk etmirdilər. Füzuli uğrunda gedən döyüşlərdə Zeynalın özü də yaralanıb. Buna baxmayaraq, yaralı əsgər yoldaşlarına yardım edib onların həyatını xilas etməyi bacarıb. Özü isə 18 gün komada qalıb.
Z.Fərzəliyev qeyd edib ki, yaralarını sarıdığı, yardım etdiyi yoldaşlarından heç biri dünyasını dəyişməyib.